Şirvan şahmatın mərkəzinə çevriləcək - 22 min AZN-dən çox mükafat

13 Sentyabr 2026 10:47
104
Şirvan şahmatın mərkəzinə çevriləcək - 22 min AZN-dən çox mükafat

Şirvan şəhərində şahmat üzrə “Shirvan Open 2026” Beynəlxalq Festivalı keçiriləcək.

İdman.Biz xəbər verir ki, 19-26 oktyabr tarixlərində keçiriləcək yarış Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində təşkil olunacaq.

Layihənin əsas məqsədi ölkənin müxtəlif şəhərlərində beynəlxalq şahmat turnirlərinin keçirilməsi, yerli şahmatçıların beynəlxalq təcrübəsinin artırılması və şahmatın regionlarda daha geniş təbliğidir.

Festival dörd qrup üzrə keçiriləcək:

A qrupu - açıq klassik turnir
B qrupu - U14 klassik turnir
Rapid
Blits

Turnirin ümumi mükafat fondu 22 670 AZN təşkil edir. Bunun 17 000 AZN-i A qrupuna, 4 250 AZN-i B qrupuna, 770 AZN-i rapid, 650 AZN-i isə blits yarışına ayrılıb.

A və B qruplarının qaliblərinə xüsusi kubok təqdim olunacaq. Müxtəlif yaş, qadın və reytinq kateqoriyaları üzrə də xüsusi mükafatlar nəzərdə tutulub.

Qeyd edək ki, festival Şirvan Olimpiya İdman Kompleksində təşkil olunacaq.

İdman.Biz