Aynur Sofiyeva: “Bu medallar çox dəyərlidir”

Müsahibə
15 Sentyabr 2023 15:33
227
Aynur Sofiyeva: “Bu medallar çox dəyərlidir”

“Avropa çempionatını 7 medalla başa vurmaq böyük uğurdur. Şahmatçılarımız hər il bizi medallarla sevindirirlər.”

Bunu İdman.biz saytına Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Aynur Sofiyeva deyib.

Həm Azərbaycanda, həm də İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster şahmatçılarımızın Avropa çempionatında çıxışını dəyərləndirib. Sofiyeva 18 yaşlılar arasında Ayan Allahverdiyeva ilə Xəzər Babazadənin qazandığı gümüş medalları xüsusi vurğulayıb: “Bu mükafatlar çox dəyərlidir. Çünki onlar böyüklərə daha yaxındılar. Bu turnirlərdə qazanılan qələbələr və təcrübə onların gələcək çıxışlarında müstəsna rol oynayacaq”.

O, yeniyetmə idmançılarımıza bəzi məsləhətlər də verib: ”Bu cür uğurlar qazanırlarsa demək nəyi necə edəcəklərini yaxşı bilirlər. Əsas odur ki daim öz üzərlərində işləsinlər. Şahmatçılarımızın müxtəlif yarışlarda iştirak etməsi üçün həm Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Şahmat Federasiyası bütün şəraiti yaradır. Onlara isə çıxdıqları bütün yarışlarda özlərini yaxşı tərəfdən nümayiş etdirsinlər”.

Qeyd edək ki, Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medala layiq görülüb. Azərbaycan bu göstərici ilə komanda hesabında birinci olub.

Emin Ağa

İdman.biz