“Lankaran Open 2026”da qaliblər müəyyənləşib - FOTO

5 İyul 2026 16:19
347
“Lankaran Open 2026”da qaliblər müəyyənləşib - FOTO

“Azərbaycan Şahmat Turu” çərçivəsində keçirilən üçüncü yarış - “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

İdman.Biz xəbər verir ki, bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Onlar qalibləri təbrik edərək şahmatçılara növbəti yarışlarda uğurlar arzulayıblar.

Federasiyadan bildirilib ki, doqquz turdan ibarət yarışın A turnirində 7 xal toplayan Macarıstan təmsilçisi Sanan Sjugirov bütün rəqiblərini qabaqlayaraq qalib olub. Eyni xala malik Hindistan şahmatçısı Mayank Çakraborti ikinci yeri tutub. Aktivində 6,5 xal olan Azərbaycan şahmatçısı Şiroğlan Talıbov üçüncü pillədə qərarlaşıb.

A qrupunda Hindistan təmsilçisi Cera Dagariya ən yaxşı qadın iştirakçı kimi mükafatlandırılıb.

B turnirində İsmayıl Məmmədli birinci olub. Vüsal Əhmədov ikinci, Nihad Eynullayev isə üçüncü yeri tutub.

Festival çərçivəsində rapid və blits yarışları da təşkil edilib. Rapid turnirində Hindistan şahmatçısı Mayank Çakraborti, blitsdə isə İran təmsilçisi Ramtin Kakavand birincilik əldə edib.

Qeyd edək ki, “Lankaran Open 2026” Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Azərbaycan Şahmat Turu” layihəsinin üçüncü turniridir. Layihə çərçivəsində növbəti yarış Şamaxıda keçiriləcək.

İdman.Biz