Rauf Məmmədov: “Oyuna bir saniyə geciksəydik, məğlub olacaqdıq”- VİDEO

30 İyun 2026 16:38
97
Rauf Məmmədov: “Oyuna bir saniyə geciksəydik, məğlub olacaqdıq”- VİDEO

“Biz bu oyuna hətta gecikə də bilərdik. Çünki həmin vaxt bir saniyə belə gecikmək olmazdı. Bir saniyə geciksəydin, bu artıq məğlubiyyət demək idi”.

İdman.Biz xəbər verir ki, bu sözləri şahmat üzrə altıqat ölkə çempionu və milli komandanın heyətində üçqat Avropa çempionu Rauf Məmmədov İdman TV-yə açıqlamasında deyib.

Şahmatçımız qələbələrə baxmayaraq, olimpiada medalı arzusunda olduğunu söyləyib:

“Taksi ilə gəlirdik, amma sürücü bizi başqa yerdə düşürdü. Demək olar ki, oyuna qaça-qaça çatdıq və buna görə də matça çox həyəcanlı başladıq. Üstəlik, Hollandiya millisi çox güclü rəqib idi. İndi də, 17 il sonra, Hollandiya hələ də dünyanın ən güclü komandalarından biri, Avropanın aparıcı yığmalarından sayılır.
Həmin gün daha bir maraqlı hadisə yaşandı. Söhbət təkcə bizim qələbəmizdən getmir. O vaxt Rusiya ilə İspaniya qarşılaşırdı. Matçın son saniyələrində hesab heç-heçə idi və Vüqar Həşimov həlledici qələbəni qazandı.

Səmimi desəm, biz nə qədər Avropa çempionu olsaq da, həmin an yaşadığım hissləri yəqin ki, bir daha yaşaya bilmərəm. Amma inşallah, Olimpiadada medal qazansaq, bəlkə o hisslər bununla müqayisə oluna bilər”.

Xatırladaq ki, 2009-cu ildə Novi Sad şəhərində keçirilən komandalararası Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət şahmat millisi tarixində ilk dəfə Avropa çempionu olub. Son turda yığmamız Niderlandı məğlub edib. Həlledici xalı isə birinci lövhədə niderlandlı qrossmeyster Daniel Stellvagen üzərində qələbə qazanan Vüqar Həşimov əldə edib. Bu nəticə Azərbaycan millisinə Rusiya yığmasını qabaqlayaraq tarixində ilk dəfə komandalar arasında Avropa çempionatının qızıl medallarını qazanmağa imkan verib.

İdman.Biz
Məqalədə: