Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yenilənmiş reytinqində mövqeyini yaxşılaşdırıb.
İdman.Biz xəbər verir ki, FIDE iyulun 1-nə olan dünya şahmatçılarının reytinq siyahısını açıqlayıb.
Yenilənmiş siyahıya əsasən, Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarov reytinqinə 6 xal əlavə edərək 2723 xalla 26-cı pillədən 23-cü yerə yüksəlib. O, ötən ay ərzində 11 reytinq partiyası keçirib və bunun nəticəsində ELO göstəricisini yaxşılaşdırıb.
FIDE-nin ilk 100-lüyündə yer alan digər azərbaycanlı şahmatçıların mövqeləri isə belədir: Teymur Rəcəbov (2689 xal) – 38-ci yer, Aydın Süleymanlı (2657) – 57-ci, Məhəmməd Muradlı (2642) – 78-ci, Rauf Məmmədov (2639) – 84-cü.
Qeyd edək ki, hesabat dövrü Məhəmməd Muradlı üçün əsl sıçrayışla yadda qalıb. O, iyun ayında reytinqinə birdən-birə 92 xal əlavə edərək dünya reytinqinin ilk 100-lüyünə yüksəlib. 2500-2600 və daha yüksək reytinq səviyyəsində belə sürətli irəliləyişə çox nadir hallarda rast gəlinir.
İyulun əvvəlinə olan FIDE reytinqinin ilk onluğu belədir: Maqnus Karlsen (Norveç, 2823), Fabiano Karuana (ABŞ, 2792), Hikaru Nakamura (ABŞ, 2792), Cavoxir Sindarov (Özbəkistan, 2777), Vinsent Kaymer (Almaniya, 2767), Nodirbek Abdusattorov (Özbəkistan, 2766), Uesli So (ABŞ, 2765), Aniş Giri (Niderland, 2764), Arcun Eriqaysi (Hindistan, 2757), Vey İ (Çin, 2753).
Qadın şahmatçıların dünya reytinqində azərbaycanlılar arasında ən yüksək pillədə yenə də Ülviyyə Fətəliyeva qərarlaşıb. O, 2440 xalla 24-cü yerdədir. İlk 100-lükdə həmçinin Gövhər Beydullayeva (2375 xal, 64-cü yer), Xanım Balacayeva (2356, 82-ci yer) və Gülnar Məmmədova (2350, 86-cı yer) yer alıblar.
