Rusiya Şahmat Olimpiadasında iştirak etməyəcək

7 Avqust 2026 13:39
86
Rusiya Şahmat Olimpiadasında iştirak etməyəcək

Şahmat üzrə Rusiya millisi 2026-cı il Şahmat Olimpiadasında iştirak etməyəcək. Yarış 15-27 sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.

İdman.Biz xəbər verir ki, FIDE-nin Olimpiada üçün açıqladığı komandalar arasında Rusiya yığması yer almayıb.

Bu qərar Rusiya Şahmat Federasiyasının üzvlüyünün 2026-cı ilin iyununda müvəqqəti dayandırılmasından sonra verilib. FIDE Şurası bildirib ki, federasiya İdman Arbitraj Məhkəməsinin qərarında göstərilən tələbləri müəyyən olunan müddətdə yerinə yetirməyib.

CAS qərarına əsasən, Rusiya Şahmat Federasiyası Krım və Sevastopol, həmçinin Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrində həyata keçirdiyi ixtisaslaşmış şahmat fəaliyyətini 90 gün ərzində dayandırmalı idi.

FIDE bu tələblərin yerinə yetirilmədiyini əsas gətirərək Rusiya federasiyasının üzvlüyünü dərhal qüvvəyə minməklə dayandırıb. Bununla yanaşı, qurum fərdi şahmatçıların FIDE qaydalarına uyğun olaraq beynəlxalq yarışlarda iştirak imkanlarının qorunduğunu vurğulayıb.

Maraqlıdır ki, 2025-ci ilin dekabrında FIDE Baş Assambleyası Rusiya və Belarus komandalarının rəsmi turnirlərə qaytarılmasını təsdiqləmişdi. Həmin qərara görə, Rusiya və Belarus komandaları yarışlara buraxılırdı, lakin böyüklərin turnirlərində milli bayraq və himn məsələsi ilə bağlı məhdudiyyətlər qalırdı.

Belarusla bağlı məhdudiyyətlər isə 2026-cı ilin iyulunda tam aradan qaldırılıb. FIDE-nin qərarına əsasən, Belarus millisi Səmərqənddə keçiriləcək Şahmat Olimpiadasında öz bayrağı altında iştirak edəcək.

İdman.Biz