Aydın Süleymanlı “Rapid Round”da seçimlərini açıqlayıb - VİDEO

9 Avqust 2026 23:15
160
Aydın Süleymanlı “Rapid Round”da seçimlərini açıqlayıb - VİDEO

Dünya şöhrətli şahmatçımız Aydın Süleymanlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin “Rapid Round” rubrikasında bir-birinin ardınca səsləndirilən qısa sualları cavablandırıb.

İdman.Biz xəbər verir ki, şahmatçı ağ fiqurlarla oynamağa üstünlük verdiyini, hücumdan daha çox müdafiəni, klassik şahmat əvəzinə isə blitsi seçdiyini bildirib. Süleymanlı həmçinin açılışı endşpildən üstün tutduğunu və lazım gəldikdə fiqur qurbanı verməyə hazır olduğunu qeyd edib.

Azərbaycan təmsilçisi evdə məşqdənsə turnir atmosferini, qələbədənsə gözəl oyunu, erkən matdansa uzun mübarizəni seçib. O, oyun zamanı musiqiyə üstünlük verdiyini, rəqibin səhvini gözləməkdənsə onu təəccübləndirməyə çalışdığını deyib.

Süleymanlı təzyiq altında oynamaqdansa rahat partiyanı seçdiyini, uğur üçün motivasiyadan daha çox intizamı vacib hesab etdiyini vurğulayıb. Şahmatçı məntiqlə intuisiya arasında intuisiyaya, risklə hesablanmış qərar arasında isə hesablanmış qərara üstünlük verib.

O, lider olmaqdansa komandanın bir hissəsi olmağı, rəqibdənsə dostu, təcrübədənsə istedadı seçib. Aydın Süleymanlı üçün mükəmməllikdən daha vacib olan davamlı inkişaf, hədəfdən daha önəmli olan isə prosesdir.

Sonda şahmatı bir sözlə ifadə etməsi istənilən Aydın Süleymanlı “şahmat” cavabını verib. Maraqlıdır ki, özünü də bir sözlə məhz “şahmat” kimi xarakterizə edib.

İdman.Biz