Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində dünya reytinqinin lideri Maqnus Karlsenlə hər iki partiyanı heç-heçə başa vurub.
İdman.Biz xəbər verir ki, C qrupunun dördüncü turunda keçirilən qarşılaşmanın ilk partiyasında Məmmədyarov qara, ikinci partiyasında isə ağ fiqurlarla mübarizə aparıb.
Hər iki görüşdə tərəflər xalları bölüşüblər. Turnirin reqlamentinə əsasən, qələbəyə üç, heç-heçəyə bir xal verildiyindən şahmatçılar gün ərzində hərəyə iki xal qazanıblar.
Bununla da Məmmədyarov xal ehtiyatını doqquza çatdıraraq C qrupunda dördüncü pillədə qərarlaşıb. Yeddi xalı olan Karlsen isə beşinci yerdədir.
Qrupa 13 xalla niderlandlı Aniş Giri başçılıq edir. Yan Nepomnyaşi və Hayk Martirosyan hərəyə 11 xalla ikinci və üçüncü pillələri tuturlar. Altı xalı olan Abhimanyu Mişra sonuncudur.
Azərbaycan təmsilçisi qrup mərhələsinin sonuncu, beşinci turunda məhz lider Aniş Giri ilə qarşılaşacaq. Noyabrın 15-də keçiriləcək ilk partiya Bakı vaxtı ilə saat 18:00-da başlayacaq və Məmmədyarov ağ fiqurlarla oynayacaq. Saat 21:30-da start götürəcək ikinci partiyada isə şahmatçılar fiqurların rənglərini dəyişəcəklər.
Dörd tur ərzində bir qələbə qazanan, altı dəfə heç-heçə edən və bir görüşdə məğlub olan Məmmədyarovun qrup mərhələsində yekun mövqeyi son turun nəticələrindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, turnirdə dörd qrupun hər birinin qalibi əsas çempionluq uğrunda pley-off mərhələsinə yüksələcək. Digər şahmatçılar isə qrupda tutduqları yerlərə uyğun təsnifat mərhələlərində yarışacaqlar. Pley-off qarşılaşmaları noyabrın 17-20-də keçiriləcək.
