Şahmatçılarımız Avropa çempionatından üç medalla Vətənə qayıdıblar - FOTO

14 Noyabr 2026 12:13
55
Şahmatçılarımız Avropa çempionatından üç medalla Vətənə qayıdıblar - FOTO

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vuran Azərbaycan təmsilçiləri Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qitə birinciliyindən bir qızıl, bir gümüş və bir bürünc medalla dönən şahmatçılarımızın qarşılanma mərasimi keçirilib.

42 ölkə arasında ümumi medal hesabında 3-5-ci yerləri bölüşdürən millimizi hava limanında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, idmançıların valideynləri və media mənsubları qarşılayıblar.

Qeyd edək ki, yarışı maksimal nəticə ilə başa vuran Nərmin Abdinova (18 yaşadək qızlar) doqquzuncu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub edərək doqquz turda doqquz xalla fenomenal nəticəyə imza atıb.

18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını yeddiyə çatdırıb və qitə çempionatının gümüş medalını qazanıb.

8 yaşlı qızların mübarizəsində isə Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və ölkəmizə bürünc medal qazandırıb.

İdman.Biz