Şahmatçılarımızdan Avropa çempionatında üç medal: Abdinovadan maksimal nəticə - FOTO

12 Noyabr 2026 23:33
50
Şahmatçılarımızdan Avropa çempionatında üç medal: Abdinovadan maksimal nəticə

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən səkkiz yaşdan 18 yaşadək şahmatçılar arasında Avropa çempionatına yekun vurulub.

İdman.Biz xəbər verir ki, 18 yaşadək qızların yarışında bir tur əvvəl çempionluğu təmin edən Nərmin Abdinova son qarşılaşmada da qalib gəlib. O, FIDE təmsilçisi Lizaveta Lyaşkeviçi məğlub edərək doqquz turu maksimum nəticə - doqquz xalla tamamlayıb.

18 yaşadək oğlanların mübarizəsində Tunar Davudov son turda polşalı Pavel Sovinskini üstələyib. Xalını yeddiyə çatdıran təmsilçimiz gümüş medal qazanıb.

Səkkiz yaşadək qızların yarışında isə Selin Məmmədova türkiyəli Eliz Karahana qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, Azərbaycan şahmatçıları çempionatı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar. Komandamız ümumi hesabda 42 ölkə arasında üçüncü-beşinci yerləri bölüşüb.

İdman.Biz