Vüqar Rəsulovun beynəlxalq turniri tərk etməsinin səbəbi açıqlandı

12 Noyabr 2026 22:27
100
Vüqar Rəsulovun beynəlxalq turniri tərk etməsinin səbəbi açıqlandı

Azərbaycan şahmatçısı Vüqar Rəsulovun Tacikistanın paytaxtı Düşənbədə keçirilən ikinci Beynəlxalq Prezident Kubokunda çıxışını dayandırmasının səbəbi məlum olub.

Turnirin direktoru Zafar Nazarzoda İdman.Biz-ə açıqlamasında qrossmeysterimizin ilk turdan sonra yarışdan ayrıldığını təsdiqləyib:

“Bəli, Vüqar şəxsi problemləri əsas gətirərək ilk turdan sonra turniri tərk edib”.

Nazarzoda həmin problemlərin təfərrüatları barədə məlumat verməyib.

Daha əvvəl xəbər verdiyimiz kimi, 2572 reytinqli Rəsulov ilk turda qara fiqurlarla qazaxıstanlı Nazar Talqatova uduzub. Rəqibinin reytinqi 2311-dir.

Noyabrın 11-də yenilənmiş rəsmi nəticə cədvəlində şahmatçımızın ikinci və üçüncü turlarda oynamadığı, dördüncü tur üçün də ona rəqib müəyyənləşdirilmədiyi göstərilib.

Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarətdir. Yarışın təşkilatçıları Tacikistan Şahmat Federasiyası və ölkə hökuməti yanında Gənclər və İdman Komitəsidir.

Turnirin ümumi mükafat fondu 60 min dollar təşkil edir, əsas qrupun qalibinə isə 10 min dollar veriləcək.

İdman.Biz