Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sabah Macarıstanın paytaxtı Budapeştdə başlayacaq “Total Chess” turnirində iştirak edəcək.
İdman.Biz xəbər verir ki, 24 şahmatçının qatılacağı yarış noyabrın 10-da doqquz turluq blits turniri ilə başlayacaq. Bu mərhələdə hər iştirakçıya üç dəqiqə vaxt veriləcək, hər gedişə isə iki saniyə əlavə olunacaq.
Noyabrın 11-15-də keçiriləcək qrup mərhələsində şahmatçılar hərəsində altı iştirakçı olmaqla dörd qrupa bölünəcəklər. Hər oyunçu qrupdakı rəqiblərinin hər biri ilə iki dəfə qarşılaşacaq.
Bu mərhələ “Fast Classic” formatında təşkil olunacaq. Şahmatçılara 45 dəqiqə vaxt veriləcək və hər gedişə 30 saniyə əlavə ediləcək. Qələbəyə üç, heç-heçəyə isə bir xal hesablanacaq.
Turnirin mükafat fondu 650 min dollar (1 milyon 105 min manat) təşkil edir, qalib 80 min, sonuncu yeri tutan şahmatçı isə 10 min dollar qazanacaq.
Qrup mərhələsindən sonra iştirakçılar nəticələrinə uyğun olaraq pley-off mübarizəsini davam etdirəcəklər. Bu mərhələdə hər qarşılaşma dörd blits, iki rapid və bir “Fast Classic” partiyasından ibarət olacaq.
Məmmədyarovla yanaşı, Maqnus Karlsen, Fabiano Karuana və digər tanınmış şahmatçıların da qatılacağı turnirə noyabrın 20-də yekun vurulacaq.

