Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot” turnirinin qrup mərhələsində ilk görüşlərini keçirib.
İdman.Biz xəbər verir ki, qrossmeysterimiz noyabrın 11-də Ermənistan təmsilçisi Hayk Martirosyanla iki partiyada üz-üzə gəlib. Şəhriyar qara fiqurlarla oynadığı ilk qarşılaşmada qələbə qazanıb.
Tərəflərin fiqurların rəngini dəyişdiyi ikinci partiyada isə Martirosyan üstün olub. Beləliklə, Məmmədyarov günü bir qələbə və bir məğlubiyyətlə tamamlayıb.
Yarışın qaydalarına əsasən, qələbəyə üç, heç-heçəyə isə bir xal verilir. Hazırda üç xalı olan təmsilçimiz C qrupunda üçüncü yerdədir. Eyni qrupda mübarizə aparan Maqnus Karlsenlə Aniş Giri hər iki partiyada heç-heçə edərək iki xal toplayıblar.
Məmmədyarov noyabrın 12-də rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq. Şahmatçımız ilk partiyada ağ, ikinci görüşdə isə qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, turnirdə 24 şahmatçı hərəsində altı iştirakçı olmaqla dörd qrupda mübarizə aparır. Qrup mərhələsi noyabrın 15-də başa çatacaq. Yarışa isə noyabrın 20-də yekun vurulacaq.
