Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində növbəti oyunlarını keçirib.
İdman.Biz xəbər verir ki, qrossmeysterimiz noyabrın 13-də C qrupunun üçüncü raundunda ABŞ təmsilçisi Abhimanyu Mişra ilə qarşılaşıb.
Məmmədyarov əvvəlcə qara, daha sonra ağ fiqurlarla mübarizə aparıb. Hər iki partiya heç-heçə nəticələnib.
Turnirin qaydalarına əsasən, qələbəyə üç, heç-heçəyə isə bir xal verilir. Gün ərzində iki xal qazanan Məmmədyarov ümumi xalını yeddiyə çatdırıb.
Üçüncü raunddan sonra C qrupuna 10 xalla ermənistanlı Hayk Martirosyan başçılıq edir. Niderlandlı Aniş Giri doqquz xalla ikinci, rusiyalı Yan Nepomnyaşi isə yeddi xalla üçüncüdür. Eyni xala malik Məmmədyarov əlavə göstəricilərə görə dördüncü pillədə qərarlaşıb. Norveçli Maqnus Karlsen və amerikalı Abhimanyu Mişra hərəyə beş xalla sonrakı yerləri bölüşürlər.
Azərbaycanlı qrossmeyster növbəti oyunlarını bu gün Maqnus Karlsenə qarşı keçirəcək. Dördüncü raundun ilk partiyasında Məmmədyarov qara, ikinci partiyasında isə ağ fiqurlarla oynayacaq.
Qeyd edək ki, C qrupunda altı şahmatçı mübarizə aparır və hər iştirakçı 10 partiya keçirəcək. Qrup mərhələsi noyabrın 15-də başa çatacaq.
