Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot” turnirində növbəti görüşlərini keçirib.
İdman.Biz xəbər verir ki, qrossmeysterimiz noyabrın 12-də rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb. Rəqiblər arasında həm ağ, həm də qara fiqurlarla oynadığı partiyalar heç-heçə başa çatıb.
Turnirin qaydalarına əsasən, qələbəyə üç, heç-heçəyə bir xal verilir. Gün ərzində hesabına iki xal əlavə edən Məmmədyarov beş xalla C qrupunda dördüncü pillədə qərarlaşıb.
Qrupa altı xalı olan Yan Nepomnyaşi başçılıq edir. Eyni xal toplayan Hayk Martirosyan ikinci, beş xala malik Aniş Giri üçüncüdür. Maqnus Karlsen dörd xalla beşinci, Abhimanyu Mişra isə üç xalla altıncı yerdədir.
Xatırladaq ki, Məmmədyarov ilk oyun günündə Martirosyanla qarşılaşmalarda bir qələbə qazanıb və bir dəfə məğlub olub.
