Veteranlar arasında şahmat üzrə dünya çempionları müəyyənləşdi, azərbaycanlıların nəticələri bilindi

14 Noyabr 2026 23:57
54
Veteranlar arasında şahmat üzrə dünya çempionları müəyyənləşdi, azərbaycanlıların nəticələri bilindi

Serbiyanın Vrnyaçka Banya şəhərində veteran şahmatçılar arasında dünya çempionatına yekun vurulub. Noyabrın 3-də başlayan yarışda qaliblər dörd kateqoriya üzrə müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi yarış protokollarına əsasən, 50 yaşdan yuxarı kişilərin mübarizəsində qazaxıstanlı qrossmeyster Murtas Kajqaleyev 11 turda 8,5 xal toplayaraq dünya çempionu olub.

Bolqarıstanlı Kiril Georgiyev və Qazaxıstanın digər təmsilçisi Pyotr Kostenko səkkiz xalla müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

65 yaşdan yuxarı kişilər arasında Gürcüstan şahmatçısı Zurab Sturua 8,5 xalla birinci olub. İngiltərə təmsilçisi Kit Arkell də eyni xalı toplasa da, əlavə göstəricilərdə geri qalıb.

Qadınların 50+ kateqoriyasında İsveç təmsilçisi Pia Kramlinq doqquz xalla lider olub. 65+ yaş qrupunda isə FIDE bayrağı altında yarışan Qalina Strutinskaya 10 xalla çempion adını qazanıb.

Azərbaycan dünya çempionatında üç şahmatçı ilə təmsil olunub.

50+ yaş kateqoriyasında mübarizə aparan Emin Novruzov son turda İngiltərə təmsilçisi Filip Krokerlə heç-heçə edib. O, 11 partiyada altı xal toplayaraq 41-ci pillədə qərarlaşıb.

65+ kateqoriyasında İlqar Xələfov son turda Uels təmsilçisi Qari Tomas üzərində qələbə qazanıb. Azərbaycan şahmatçısı yarışı beş xalla 122-ci yerdə başa vurub.

Eyni kateqoriyada çıxış edən İmran Hacıqayıbov isə sonuncu turda Kayman adalarının nümayəndəsi Klifford Şou ilə heç-heçə edib. Bununla da o, xallarının sayını üçə çatdırıb.

FIDE-nin təşkil etdiyi veteranlar arasında dünya çempionatında 65 ölkənin 385 şahmatçısı, o cümlədən 44 kişi və səkkiz qadın qrossmeyster mübarizə aparıb.

Qeyd edək ki, Serbiyadakı dünya çempionatı 11 turdan ibarət olub.

İdman.Biz