Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub.
İdman.Biz xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışlar iki yaş kateqoriyası üzrə keçirilib. A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 yaş və daha kiçik şahmatçılar mübarizə aparıblar.
A qrupunda oğlanlar arasında Suat İbrahimli, qızların yarışında isə Əsnad Baxşızadə qalib olub. Hər iki şahmatçı Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Avropa çempionatına ezam olunacaq.
Ayrı-ayrı yaş kateqoriyalarında da qaliblərin adları müəyyənləşib. 8 yaşlılar arasında İnci Cəbrayılova və Ziya Qubatov, 10 yaşlılarda Nurgün Fəxrətzadə və Azad Xuduzadə, 12 yaşlılarda Sadəgül Əfəndi və Əyyub Zəkiyev birinci yeri tutublar.
14 yaşlıların yarışında Əsnad Baxşızadə və Suat İbrahimli, 16 yaşlılar arasında isə Rəna Ağamirzəyeva və Emin İsmayılov qalib adını qazanıblar.
Komanda hesabında A qrupunun qalibi 4 nömrəli İOEUGİŞM olub. 3 nömrəli RİOEUGİŞM ikinci, Quba komandası isə üçüncü pillədə qərarlaşıb.
B qrupunda 3 nömrəli UGİŞM birinci yeri tutub. Quba komandası ikinci, 4 nömrəli UGİŞM isə üçüncü olub.
Olimpiadada ölkənin 30-a yaxın şəhər və rayonunu, həmçinin şahmat məktəbləri, klubları və idman cəmiyyətlərini təmsil edən 326 yeniyetmə iştirak edib. Şəxsi-komanda xarakterli yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olub.
