Gənc azərbaycanlı qrossmeyster Aydın Süleymanlı dünya reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya şahmatçılarının 1 mart tarixinə olan reytinqini açıqlayıb.
Yenilənmiş məlumatlara görə, reytinqinə 25 bənd əlavə edən Aydın Süleymanlı böyük tərəqqiyə nail olub və hazırda onun göstəricisi 2653 bal təşkil edir ki, bu da ona 99-cu pillədən 62-ci yerə yüksəlməyə imkan verib. Beləliklə, şahmatçı mövqeyini birbaşa 37 pillə yaxşılaşdırıb.
Digər azərbaycanlı şahmatçılara gəlincə, Şəhriyar Məmmədyarov 2713 bəndlik göstərici ilə 19-cu pillədən 27-ci yerə enib. Teymur Rəcəbov 2689 balla 36-cı sırada qərarlaşıb. Eltac Səfərli 2648 xalla 70-ci mövqedədir, Rauf Məmmədov isə 2636 göstərici ilə 85-ci yerə enib.
Qadınların reytinqində Ülviyyə Fətəliyeva 2431 xalla 26-cı yerə yüksəlib. Günay Məmmədzadə 2374 balla 67-ci mövqeyə enib, Gövhər Beydullayeva 2358 xalla 84-cü yeri tutur, Xanım Balacayeva isə 2350 xalla 93-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, dünya reytinqinin lideri 2840 xalla norveçli Maqnus Karlsen olaraq qalır. Daha sonra ABŞ təmsilçiləri Hikaru Nakamura (2810) və Fabiano Karuana (2795) gəlir.
Dünya qadın reytinqinə 2596 xalla çinli Hou İfan liderlik edir. İkinci yerdə Cinyer Tszyu (2578), üçüncü yerdə isə Ley Tintzye (2566) qərarlaşıb.
