Beynəlxalq Şahmat Federasiyası (FIDE) üzrə sabiq dünya çempionu Ruslan Ponomaryov ənənəvi “Baku Open 2026” şahmat festivalında iştirak edəcək.
Bu barədə İdman.Biz-ə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Məşhur ukraynalı şahmatçı artıq Bakıdakı festivalda iştirak üçün razılığını verib və qarşıdakı yarışın iştirakçıları siyahısına daxil edilib.
Qeyd edək ki, Ruslan Ponomaryov FIDE versiyası üzrə ən gənc və sayca sondan əvvəlki dünya çempionu olub. O, bu titulu 2002-ci ildə nokaut sistemi ilə keçirilən dünya çempionatında qazanıb. Final qarşılaşmasında Ponomaryov həmyerlisi Vasili İvançuk üzərində qələbə qazanıb.
Ümumilikdə şahmat tarixində FIDE versiyası üzrə altı dünya çempionu olub. Ponomaryovdan başqa bunlar Anatoli Karpov, Aleksandr Xalifman (hər ikisi Rusiya), Vişvanatan Anand (Hindistan), Rustam Kasımcanov (Bolqarıstan) həmçinin Veselin Topalovdur (Bolqarıstan).
FIDE versiyası üzrə dünya çempionatı 13-cü dünya çempionu Qari Kasparov ilə FIDE arasında yaranmış münaqişə səbəbindən şahmat aləmində baş verən parçalanmadan sonra 1993-cü ildən etibarən keçirilməyə başlanıb. Dünya çempionluğu uğrunda birləşdirici qarşılaşma isə 2006-cı ildə baş tutub. Həmin matçda Vladimir Kramnik (Rusiya) Topalov üzərində qələbə qazanıb.
“Baku Open” festivalına qayıdaraq qeyd edək ki, yarışlar 27 aprel – 6 may tarixlərində “Baku Crystal Hall”da keçiriləcək. Ənənəvi şahmat festivalı ölkənin müxtəlif şəhərlərində milli federasiya tərəfindən təşkil olunan turnirlər silsiləsi olan “Chess Tour Azerbaijan” layihəsinin tərkib hissəsidir.
Qarşıdakı turnirdə bir sıra digər güclü xarici qrossmeysterlər, eləcə də Azərbaycanın bir çox tanınmış şahmatçıları da iştirak edəcəklər.
