Ülviyyə Fətəliyeva: “Azərbaycan çempionatı bizim üçün həm stressli, həm də həyəcanlı keçir”

22 Fevral 2026 23:29
118
Ülviyyə Fətəliyeva: “Azərbaycan çempionatı bizim üçün həm stressli, həm də həyəcanlı keçir”

Şahmat üzrə Azərbaycan çempionu Ülviyyə Fətəliyeva ölkə çempionatının əhəmiyyətindən və yarışın yaratdığı məsuliyyətdən danışıb.

İdman.Biz xəbər verir ki, ilk dəfə Azərbaycan çempionu tituluna yiyələnən şahmatçı bildirib ki, ölkə çempionatı hər il keçirilən ən nüfuzlu və önəmli yarışlardan biridir.

Onun sözlərinə görə, bu turnirə hazırlaşmaq və iştirak etmək həm fiziki, həm də psixoloji baxımdan kifayət qədər gərgin və məsuliyyətli prosesdir:

“Bu dövr bizim üçün həm stressli, həm də həyəcanlı keçir”.

Ülviyyə Fətəliyeva son illərdə Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu və güclü rəqabət mühitinin formalaşdığını vurğulayıb. Şahmatçı qeyd edib ki, güclü rəqabət inkişaf üçün böyük fürsət yaradır:

“Yarışın ildən-ilə daha çətin keçməsi bizim üçün bir mərhələdir və biz də bu mərhələni uğurla keçməyə çalışırıq”.

O, ilin yeni başladığını xatırladaraq, yüksək tempin və uğurlu nəticələrin ilin sonunadək davam edəcəyinə ümid etdiyini deyib. Fətəliyeva əlavə edib ki, əsas məqsədləri ölkəni layiqincə təmsil etməkdir:

“Düzgün hazırlıq və inam olduqda, yaxşı nəticələr də qaçılmaz olur”.

İdman.Biz