Sözsüz ki, çıxış etdiyimiz hər yarışda birinci olmaq istəyirik. Son illər bu rəqabət davamlı şəkildə artır və artıq ikinci ildir ki, finalda məğlub oluram. Əlbəttə, bu mərhələyə çatmaq asan deyil, amma peşəkar şahmatçı üçün finala yüksəlmək özü böyük uğurdur.
Bu sözləri İdman.Biz-ə açıqlamasında Azərbaycan çempionatında ikinci olan Şəhriyar Məmmədyarov deyib.
Ölkəmizdə çox güclü və perspektivli şahmatçıların yetişdiyini vurğulayan Ş. Məmmədyarov bildirib:
“Finala çıxmaq özü də çətindir, asan bir şey deyil. Sözsüz ki, finalda daha yaxşı olmağımı istəyərdim. Sadəcə olaraq belə alındı. Rəqibimi yüksək səviyyəli oyuna görə təbrik edirəm. Bu dəfə məğlub olduğum şahmatçıya – Məhəmməd Muradlıya keçən il 1/4 finalda 2:0 hesabı ilə qalib gəlmişdim. Azərbaycanda şahmat inkişaf edir, gənclərimiz də inkişaf edir. Bir vaxtlar Teymur Rəcəbov, Vüqar Həşimov və mən eyni anda dünya şahmatının ilk onluğunda idik. Elə bir yerə geri dönüş üçün çox uzun zaman lazımdır. Hazırda 2006-cı ildən bu yana reytinq baxımından şahmat karyeramın ən pis yerindəyəm. Bunu yaşla da bağlamaq olar. Demirəm yenidən dünya birincisi, üçüncüsü olmaq rahatdır. Amma heç olmasa ilk onluğa daxil olmaq mümkündür.”
