Azərbaycan şahmatının ən güclüləri mükafatlandırılıb - FOTO

22 Fevral 2026 22:29
113
Azərbaycan şahmatının ən güclüləri mükafatlandırılıb - FOTO

Şahmat üzrə Azərbaycan çempionatının bağlanış və qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və şahmat mütəxəssisləri iştirak ediblər.

İdman.Biz xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər yer alıblar. Çıxışlar zamanı ölkəmizdə şahmatın inkişafı və gənc istedadların uğurları xüsusi vurğulanıb.

Qeyd edək ki, gərgin keçən mübarizənin yekununda kişilər arasında Məhəmməd Muradlı, qadınlar arasında isə Ülviyyə Fətəliyeva bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu tituluna sahib çıxıblar.

Mahir Məmmədov tədbirdə çıxış edərək bildirib ki, pley-off sistemi turnirə marağı artırıb:

“Məhəmməd Muradlı üçüncü dəfə çempion oldu. Şəhriyar Məmmədyarovun dəstəkçiləri çox olsa da, o, bu dəfə də məğlub oldu. Qadınlarda Ülviyyə Fətəliyeva ilk dəfə arzusuna çatdı. Ayan Allahverdiyevadan da çempionluq gözləyirdim, o da çox gözəl oyun nümayiş etdirdi. Gələn il fondunun bir qədər artırılacağını ehtimal edirəm”.

Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edib. Bu məbləğin 62 min manatı kişilərin, 30 min manatı isə qadınların çempionatının qalib və mükafatçıları arasında bölüşdürülüb.

İdman.Biz