Yekunlaşmaqda olan şahmat üzrə Azərbaycan çempionatının ən böyük sürprizlərindən biri Ayan Allahverdiyevanın çıxışı olub.
İdman.Biz xəbər verir ki, Ayan Allahverdiyeva şahmatçı qadınların yarışında finala qədər irəliləyib və həlledici qarşılaşmada Ülviyyə Fətəliyevaya gərgin mübarizədə uduzaraq gümüş medalla kifayətlənib.
Yeni vitse-çempion uğurunu belə dəyərləndirib:
“İkinci yer mənim üçün yaxşı nəticədir. Finalda özümü rahat hiss edirdim və açığı, hələ isti-isti niyə uduzduğumu deyə bilmirəm. Bunu təhlil etməliyəm”.
7 200 manat məbləğində mükafata gəlincə isə Allahverdiyeva prioritetinin sağlamlıq olduğunu bildirib: “Hələ bütün məbləği nəyə xərcləyəcəyimi bilmirəm. Yəqin ki, ilk növbədə sağlamlığımla məşğul olacağam - oftalmoloqa gedəcəyəm (gülür). Əgər həkimə xərclərdən sonra nəsə qalsa, istirahətə sərf edəcəyəm”.
