FIDE reytinqi: Məmmədyarov mövqelərini itirdi, Fətəliyeva şəxsi rekordunu yenilədi

Təhlil
1 Dekabr 2025 11:10
98
FIDE reytinqi: Məmmədyarov mövqelərini itirdi, Fətəliyeva şəxsi rekordunu yenilədi

Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarov yenilənmiş dünya reytinqində mövqelərini zəiflədib, Ülviyyə Fətəliyeva isə şəxsi rekorduna imza atıb.

İdman.Biz-in məlumatına görə, Beynəlxalq Şahmat Federasiyası (FIDE) 1 dekabr tarixinə olan dünya reytinqini dərc edib.

Yenilənmiş göstəricilərə əsasən, Şəhriyar Məmmədyarov 2730 xalla 14-cü pillədən 19-cu yerə enib. Onun yaxın qonşuları Levon Aronyan (ABŞ, 2729) və Le Kuang Liemdir (Vyetnam, 2731).

Dünya reytinqinin ilk 100-lüyündə yer alan digər azərbaycanlı şahmatçılar: Teymur Rəcəbov (2692) - 37-ci yer, Rauf Məmmədov (2645) - 78-ci yer, Eltac Səfərli (2644) – 79-cu yer və Aydın Süleymanlı (2628) - 99-cu yer.

1 dekabr tarixinə olan fərdi dünya reytinqinin ilk onluğu belədir:

Maqnus Karlsen (Norveç, 2840)

Hikaru Nakamura (ABŞ, 2810)

Fabiano Karuana (ABŞ, 2795)

Vinsent Keymer (Almaniya, 2776)

Arcun Eriqaisi (Hindistan, 2775)

Alirza Firuzca (Fransa, 2762)

Rameşbabu Praqqnanandha (Hindistan, 2761)

Aniş Giri (Niderland, 2760)

Vey İ (Çin, 2754)

Dommaracu Qukeş (Hindistan, 2754, dünya çempionu)

Qadın şahmatçılar arasında Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyevaya şəxsi rekordunu yeniləyərək 26-cı pilləyə yüksəlib. Onun aktivində hazırda 2434 xal var. Bundan əvvəl, noyabr ayında onun maksimum göstəricisi 2420 xalla 33-cü yer idi.

Qeyd edək ki, bütün dövrlər ərzində azərbaycanlı qadın şahmatçılar arasında ən yüksək nəticə Gülay Məmmədzadəyə məxsusdur. O, 2022-ci ilin oktyabrında 2483 xalla dünya reytinqində 18-ci yerdə qərarlaşmışdı. Hazırda isə Məmmədzadə analıq məzuniyyətində olduğundan 2390 xalla 54-cü yerdə yer alır.

FIDE qadınlar reytinqinin ilk 100-lüyündəki digər azərbaycanlı şahmatçılar: Gülhər Beydullayeva (2364) – 77-ci yer və Xanım Balacayeva (2351) – 92-ci yer.

Teymur Tuşiyev

İdman.Biz