Mahir Məmmədov: “İnanırıq ki, turnir çox gözəl şəraitdə keçəcək”

Müsahibə
7 Dekabr 2023 12:22
404
Mahir Məmmədov: “İnanırıq ki, turnir çox gözəl şəraitdə keçəcək”

“Bu, artıq 9-cu “Vüqar Həşimov Memorialı”dır. İlk illərdə turnir Şəmkirdə keçirilirdi. Daha sonra yarışın coğrafiyası dəyişib. Memorialı təşkil etməyə çoxlu bölgələrimiz olsa da, bu dəfə ölkəmizin səfalı guşəsi olan Qəbələni seçdik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov dekabrın 8-də start götürəcək “Vüqar Həşimov Memorialı-2023” ilə bağlı danışarkən deyib.

O, görkəmli şahmatçımızın məzarını ziyarət zamanı bildirib ki, yarışın ən yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni edəcəklər: “İnanırıq ki, turnir çox gözəl şəraitdə keçəcək. Buna görə Təşkilat Komitəsi və yerli idarəetmə orqanları çalışırlar. Turnirin keçiriləcəyi zal da çox yaxşı tərtib olunub. Yüksək texnoloji imkanlara malik olan bir yerdir”.

Məmmədov turnirin iştirakçıları barədə də danışıb: “Memoriala ənənəvi olaraq xarici şahmatçılar qatılacaq. Bu il Azərbaycan da daxil olmaqla, 5 ölkənin idmançısı mübarizə aparacaq. Bunlar dünyada tanınmış şahmatçılardır. Azərbaycan milli komandasının bütün üzvləri demək olar ki, burda iştirak edəcək. Biz bu il Azərbaycanın gənc istedadlarından biri, gündən-günə adı dünya şahmat səhnələrindən gələn Aydın Süleymanlını da dəvət etmişik. Turnir rapid və blitz növləri üzrə keçiriləcək. Dəvət olunan şahmatçılar arasında “Grann Swiss” kimi mötəbər yarışı udan Vidit Santoş Qudjarati, o cümlədən Hindistandan Arcun Eriqaisi, Niderlanddan Yorden Van Forest, çox güclü rumıniyalı Rixard Rapport adını çəkə bilərəm. Digər əlamətdar hal kimi bizə dost olan ölkə İsraildən dünyanın ən yaxşı şahmatçılarından biri Baris Gelfanddır. Maraqlı mübarizə gözləyirik”.

FİDE-nin vitse-prezidenti Vüqar Həşimovun həm Azərbaycanın, həm dünyanın şahmat səhnəsində böyük bir iz qoyduğunu xatırladıb: “Onun partiyaları, onun nəzəriyyələri hələ də öyrənilir. Bundan sonra da əminəm ki, belə olacaq. Bura gələn zəka sahibləri də hər zaman Vüqarın xatirəsinə böyük ehtiram, hörmət göstəriblər. Bu gün ənənəvi olaraq şahmatçımızın məzarını ziyarət etdik”.

Qeyd edək ki, Vüqar Həşimov Memorialının açılış mərasimi Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək. Açılışdan sonra rapid üzrə ilk turun oyunları baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz