Tayson Coşuanı qorxaqlıqda və yalan danışmaqda ittiham etdi

3 Sentyabr 2026 04:47
141
Tayson Coşuanı qorxaqlıqda və yalan danışmaqda ittiham etdi

Ağır çəkidə sabiq dünya çempionu Tayson Fyuri Entoni Coşua ilə döyüşünün təşkili ilə bağlı danışıqların uzanmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, britaniyalı boksçu qarşılaşmanın keçirilməsi üçün təklif olunan istənilən məkanda döyüşməyə hazır olduğunu deyib. O, Coşuanı döyüşdən yayınmaqda və insanları aldatmaqda ittiham edib.

“Coşua, haradasan? Razılaşma hələ də əldə olunmayıb və bu, artıq yorucu olmağa başlayır. Sözügedən istənilən məkanda döyüşməyə hazıram. İngiltərə, İrlandiya, Las-Veqas, Nyu-York. Mən hər dəfə “hə” demişəm. Heç bir şərtim yoxdur. Açığı, məncə, sən qorxursan. Məncə, döyüşmək istəmirsən və sadəcə hamını aldadırsan. Sən bunu illərdir edirsən. Mənimlə döyüşmək üçün çoxlu imkanın olub, amma daxilən bunu heç vaxt istəməmisən”, - deyə Fyuri bildirib.

O, Coşuanı sonuncu dəfə rinqə çıxmağa da çağırıb.

“Görək, sonuncu dəfə rinqə çıxmağa cəsarətin çatacaqmı. İkimizin də 37-38 yaşı var. Bu, sadəcə boks qarşılaşmasıdır. Səni dəfələrlə nokdauna salıblar. Ola bilsin, bir-iki dəfə ayaqda qala bilməyəsən. Mən səni tamamilə məğlub edəcəyəm, amma sənə əvvəllər edilməyən heç nə baş verməyəcək”, - deyə britaniyalı əlavə edib.

Qeyd edək ki, daha əvvəl Tayson Fyuri – Antoni Coşua döyüşünün noyabrın 20-də Nyu-Yorkda keçirilə biləcəyi bildirilib.

İdman.Biz