Fransa vətəndaşı olan azərbaycanlı peşəkar boksçu Murad Əliyev noyabrın 7-də Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq boks gecəsində WBC Silver kəməri uğrunda mübarizə aparacaq.
İdman.Biz Ümumdünya Boks Şurasının (WBC) rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı idmançının rəqibi karyerasında məğlubiyyət tanımayan türkiyəli Umut Çamkıran olacaq.
“Ülker Arena”da təşkil olunacaq RMO8 boks gecəsinin əsas qarşılaşması 12 raunddan ibarət olacaq. Döyüşün qalibi ağır çəkidə vakant “WBC Silver” kəmərinə sahib çıxacaq.
Murad Əliyev peşəkar karyerasında 16 döyüş keçirib, 15 qələbə qazanıb və bir dəfə məğlub olub. Onun qələbələrinin 11-i nokautla nəticələnib.
Azərbaycanlı boksçu daha əvvəl “WBC International Silver” tituluna sahib çıxıb. O, 2024-cü ildə monteneqrolu Dilan Praşoviçi, daha sonra italiyalı David Britonu texniki nokautla məğlub edərək kəmərini qoruyub.
2025-ci il iyunun 7-də kosovolu Labinot Xocaya qarşı keçirdiyi titul döyüşü isə Əliyevin karyerasında dönüş nöqtəsi olub. Hakimlərin yekdil qərarı ilə məğlub olan idmançı “WBC International Silver” kəmərini itirib. Həmin görüşdə Avropa çempionluğu titulu da uğrunda mübarizə aparılıb.
Əliyev bundan sonra venesuelalı Yonni Molinanı məğlub edib. Sonuncu dəfə isə 2026-cı il mayın 23-də Almaniyanın Oberhauzen şəhərində nigeriyalı Rafael Akpeciorini səkkiz raundun yekununda xallar hesabına üstələyərək vakant “WBC International Silver” titulunu yenidən qazanıb.
Onun qarşıdakı rəqibi, “Anadolu aslanı” ləqəbli Umut Çamkıran peşəkar rinqdə keçirdiyi 25 döyüşün hamısında qalib gəlib. Türkiyəli boksçu 23 rəqibini nokautla məğlub edib. O, həmçinin üç dəfə WBC Asiya çempionu olub.
İstanbulda keçiriləcək yarışda Azərbaycan bayrağı altında daha üç idmançı - Fuad Tarverdi, İsmət Eynullayev və Kazım Umudov mübarizə aparacaq.
Fuad Tarverdi italiyalı Luis Vela ilə “WBC International” kəməri uğrunda qarşılaşacaq.
Lənkəranlı boksçu peşəkar karyerasında müxtəlif çəki dərəcələrində çıxış edib. Onun əvvəlki rəqibləri arasında Kampee Fayom və Alvius Maufani də var. Tarverdi hər iki boksçu üzərində texniki nokautla qələbə qazanıb. Azərbaycanlı idmançının peşəkar səviyyədə 14 döyüş keçirib və 11 qələbəsi var. Onlardan 9-u nokautdur.
Tarverdinin rəqibi Luis Vela isə mayın 23-də Almaniyada Ossama Kebdanini səkkiz raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edərək vakant “WBC International” titulunu qazanıb.
İsmət Eynullayev xorvatiyalı Luka Plantiçlə qarşılaşacaq.
Astara rayonunda doğulmuş 37 yaşlı Azərbaycan boksçusu peşəkar rinqdə çoxsaylı döyüşlər keçirib. Onun 20 qələbəsi və 11 məğlubiyyəti var. Eynullayev həvəskar boksda da beynəlxalq uğur qazanıb. O, 2009-cu ildə İstanbulda təşkil olunan Ahmet Cömert turnirində 60 kq çəki dərəcəsində gümüş medala sahib çıxıb.
Azərbaycanlı boksçunun əvvəlki rəqibləri arasında Mayk Yede də var. Eynullayev 2025-ci il oktyabrın 4-də keçirilən həmin qarşılaşmada altıncı raundda texniki nokautla məğlub olub.
Kazım Umudov isə ağır çəkidə yunanıstanlı Konstantinos Plateasla üz-üzə gələcək.
31 yaşlı boksçunun peşəkar rekordunda beş qələbə və yeddi məğlubiyyət göstərilir. Onun qələbələrindən ikisi nokautla nəticələnib.
Umudov 2017-ci ildə Elnur Niftullayevi texniki nokautla üstələyib. O, 2022-ci ildə Arif Ovçuyev və Elnar Hüseynov üzərində də qələbələr qazanıb.
Azərbaycanlı boksçu 2023-cü ildə Türkiyə təmsilçisi Gürkan Qaradağ və 2024-cü ildə Rusiya təmsilçisi Vahid Maqomedovla qarşılaşıb. Hər iki döyüşdə məğlub olub. Sonuncu döyüşü texniki nokautla nəticələnib.
Noyabrın 7-də təşkil olunacaq boks gecəsinin təqdim edilən afişasında ümumilikdə doqquz döyüş yer alıb.
Əsas qarşılaşmadan əlavə, Luis Vela - Fuad Tarverdi, Oleksandr Hutsiv - Akani Putzi, Luka Plantiç - İsmət Eynullayev, Çarles Çituka - Tarık Sözer, Navrup Sinq - Eris Bayra, Konstantinos Plateas - Kazım Umudov, Lonis Evmorfiadis - Nika Kokaşvili və Miloş Yanyanin - Yunus Emre Batan görüşləri nəzərdə tutulub.
Yarış “Topuz Sports Management” və “Arena Box Promotion” tərəfindən təşkil olunur.
Qeyd edək ki, Murad Əliyev həvəskar karyerasında 2019-cu il Avropa çempionatının gümüş medalını qazanıb və Tokio Olimpiadasında Fransanı təmsil edib.
