“Azərbaycan Boks Federasiyası (ABF) dörd qitə birinciliyində əldə olunan 25 medalı müsbət hal kimi qiymətləndirir”.
Bunu ABF-nın baş katibi Nağı Səfərov deyib.
O, boks yığmalarının son yarışlarda əldə etdiyi nəticələrdən danışıb.
“Son altı aydakı nəticələrə nəzər saldıqda, əminliklə söyləyə bilərik ki, Azərbaycan boksu düzgün istiqamətdə inkişaf edir. Milli komandalar qatıldıqları dörd qitə birinciliyində ümumilikdə 25 medala sahib çıxıblar ki, bunu olduqca müsbət qiymətləndiririk. Böyüklər arasında Avropa çempionatında əldə olunan iki qızıl, bir gümüş və iki bürünc medal olduqca müsbət haldır. Aşağı yaş qruplarından ibarət yığmalar da özlərini yaxşı tərəfdən göstərirlər. Bu mənada ən çox medal qazanan yığma U-15 oldu. Onların qitə birinciliyində bir qızıl, üç gümüş və altı bürünc medal qazanması bizi sevindirməyə bilməz”, - deyə o report.az-a açıqlamasında bildirib.
Qurum rəsmisi gələcəklə bağlı hədəflərdən söz açıb:
“Əsas məqsədimiz 2027-ci ildə təşkil olunacaq Avropa Oyunlarında və boks üzrə dünya çempionatında yüksək nəticələr əldə etməkdir. İdmançılarımız bu yarışlara yüksək səviyyədə hazırlaşırlar. Təbii ki, 2028-ci ildə ABŞ-də təşkil olunacaq Yay Olimpiya Oyunlarında da uğurlu çıxış etmək istəyirik. Bunun üçün yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, Azərbaycan boksçuları 2026-cı ildə keçirilən dörd qitə birinciliyində beş qızıl, səkkiz gümüş və 12 bürünc medal qazanıblar. Milli komandalar bu yarışların üçündə medal əyarına görə ilk “altılıq”da yer alıblar.
