Məşhur boksçu həbs olundu - 15 il azadlıqdan məhrum edilə bilər - FOTO

28 Oktyabr 2026 10:59
39
Məşhur boksçu həbs olundu - 15 il azadlıqdan məhrum edilə bilər - FOTO

Puerto-Riko əsilli ABŞ-li peşəkar boksçu Edqar Berlanga Florida ştatında həbs edilib.

İdman.Biz “BoxingScene” nəşrinə istinadən xəbər verir ki, idmançı Leyklend polisi tərəfindən saxlanılıb. O, zorakılıq və ağırlaşdırılmış zorakılıq maddələri ilə ittiham olunur.

İttihamlar oktyabrın 18-də baş verdiyi bildirilən hadisə ilə bağlıdır. Hadisənin təfərrüatları və zərərçəkənin kimliyi hələ açıqlanmayıb. Boksçu 27 oktyabrda məhkəmə qarşısına çıxarılıb. Onun azadlığa buraxılması üçün 16 min dollar məbləğində girov müəyyən edilib.

Növbəti məhkəmə iclası noyabrın 17-nə təyin olunub. Berlanga həmin gün ona qarşı irəli sürülən ittihamlara rəsmi münasibət bildirəcək.

İdmançının təqsiri sübuta yetirilərsə, ağırlaşdırılmış zorakılıq ittihamına görə onu 15 ilə qədər, digər ittihama görə isə bir ilə qədər həbs cəzası gözləyir. Hazırda boksçunun təqsiri məhkəmə tərəfindən sübuta yetirilməyib.

Qeyd edək ki, Berlanga peşəkar karyerasında 26 döyüş keçirib, 24 qələbə qazanıb və iki dəfə məğlub olub. Onun qələbələrinin 19-u nokautla başa çatıb. Boksçu sonuncu dəfə iyulun 26-da Nyu-Yorkda Stiven Batleri yeddinci raundda məğlub edib.

İdman.Biz