Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatında Azərbaycan millisinin üç üzvü finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsinin ilk günündə Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq) və Sərxan Haxverdiyev (70 kq) qələbə qazanıblar.
Sənan Nəsibli Serbiya təmsilçisi Lazar Yovanoviçi 5:0 hesabı ilə məğlub edib. Qazax boks məktəbinin yetirməsi finalda şotlandiyalı Brodi Dau ilə qarşılaşacaq.
Yusif Əli ukraynalı Kirilo Çumakov üzərində 4:1 hesablı qələbə qazanıb. Onun finaldakı rəqibi rusiyalı Yeqor Jiruxin olacaq.
Sərxan Haxverdiyev isə italiyalı Dieqo Mastrorilloya 5:0 hesabı ilə qalib gəlib. Gəncə boks məktəbinin yetirməsi qızıl medal uğrunda ingiltərəli Şeyn Fyuri ilə döyüşəcək.
Digər təmsilçilərimizdən Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) yarımfinalda mübarizəni dayandıraraq Avropa çempionatının bürünc medalını qazanıblar.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci günündə Azərbaycanın daha beş boksçusu rinqə çıxacaq. Turnirin qalibləri oktyabrın 25-də müəyyənləşəcək.
