Sübhan Mamedova uduzan Xudoyan 10 ay sonra məğlubiyyətinə siyasi bəhanə tapdı - FOTO/VİDEO

29 Oktyabr 2026 14:20
45
Sübhan Mamedova uduzan Xudoyan 10 ay sonra məğlubiyyətinə siyasi bəhanə tapdı - FOTO/VİDEO

Rusiyalı erməni əsilli boksçusu Edmond Xudoyan 2025-ci ilin dekabrında IBA-nın təşkilatçılığı ilə Dubayda keçirilən dünya çempionatının finalında Sübhan Mamedova məğlubiyyətlə, görünür, hələ də barışmayıb. Aradan təxminən 10 ay keçməsinə baxmayaraq, o, Azərbaycan təmsilçisinin qələbəsinə siyasi izah verməyə çalışır.

İdman.Biz “Sovetski Sport” nəşrinə istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində dünya çempionluğunu əldən verən Avropa çempionu final görüşünün nəticəsi barədə maraqlı açıqlama verib.

Xudoyanın fikrincə, Rusiya millisinin 12 boksçusunun finala yüksəlməsi və onların hamısının qalib gəlmək ehtimalı müəyyən narazılıqlara səbəb ola bilərdi.

“Mən heç kimi heç nədə ittiham etmək istəmirəm. Amma baxın, Rusiya yığmasının 12 boksçusu finalda idi. Aydındır ki, hamısı qalib gələ bilməzdi. Əgər hamımız qazansaydıq, dünya boksunda böyük qalmaqal yaranardı. Hamı Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu bu dünya çempionatını xüsusi olaraq rusiyalı boksçular üçün təşkil etməkdə ittiham edərdi”, - deyə Xudoyan bildirib.

Rusiyalı boksçu bununla da kifayətlənməyib. O, finalda Azərbaycanı yalnız bir idmançının təmsil etməsini də məğlubiyyətinə mümkün səbəb kimi göstərib.

“Finalda yalnız bir azərbaycanlı var idi. Hesab edirəm ki, müəyyən mənada siyasət mənim əleyhimə işlədi”, - deyə o əlavə edib.

Beləliklə, Xudoyanın məntiqinə əsasən, Rusiya boksçularının hamısının qalib gəlməsi qalmaqal yaradacaqdı, Azərbaycan təmsilçisinin çempion olması isə siyasi amillərlə bağlı idi. Bu yanaşmada diqqətdən kənarda qalan əsas məqam isə final görüşünün özüdür.

Rəqəmlər də rusiyalı boksçunun məntiqini təsdiqləmir. IBA-nın təşkilatçılığı ilə 4-13 dekabr tarixlərində keçirilən çempionatda Rusiya yığması həqiqətən 12 finalçı ilə çıxış edib. Lakin onlardan yalnız yeddisi qızıl medal qazanıb, beşi isə finalda məğlub olub. Yəni finalda uduzan yeganə rusiyalı Xudoyan olmayıb. Üstəlik, rusiyalı boksçular turnirdə öz bayraqları və himni altında çıxış ediblər, Rusiya yığması isə medal sıralamasında birinci yeri tutub.

Maraqlıdır ki, Xudoyan siyasi amillərdən danışsa da, hakimlərin qərarına konkret müdaxilənin olduğunu göstərən hər hansı fakt təqdim etməyib.

Xatırladaq ki, Sübhan Mamedov Dubayda keçirilən dünya çempionatının finalında Edmond Xudoyanı məğlub edərək qızıl medal qazanıb. İki neytral hakimin rəyi də nəzərə alınmaqla yekun hesab 4:3 olub. Azərbaycan boksçusu finala qədər filippinli Coey Kanonu, tacikistanlı Mehron Şafiyevi, özbəkistanlı Şodiyorjon Melikuziyevi və Gürcüstan təmsilçisi Azərbaycan əsilli Sahil Alahverdovini məğlub edib.

Ağcabədidə doğulan Sübhan Mamedov dünya çempionluğunu 19 yaşında və özündən 10 yaş böyük rəqibi üzərində qazanıb, boks üzrə Azərbaycanın ən gənc dünya çempionu olub. Həmin il o, 23 yaşadək boksçular arasında Avropa çempionatının finalında ukraynalı Maksim Rudiki məğlub edərək qitə çempionu da olub.

Dubaydakı final həm də maddi baxımdan böyük fərq yaradıb. Turnirdə qızıl medalçılar 300 min ABŞ dolları (510 min AZN) əldə edirlər. Bu məbləğin , gümüş medalçılara isə 150 min ABŞ dolları (255 min AZN) mükafat verilib. IBA-nın qaydalarına əsasən, bu vəsaitin 50 faizi birbaşa boksçuya, 25 faizi məşqçilərə, qalan 25 faizi isə milli federasiyaya ayrılır. Yəni çempionun şəxsi payı 150 min, finalçının isə 75 min dollar təşkil edir.

Görünür, Xudoyan üçün həmin final hələ başa çatmayıb. Azərbaycan boksçusu qızıl medalı çoxdan vətəninə gətirsə də, rusiyalı idmançı məğlubiyyətinin səbəbini hələ də axtarır. Özü də bu dəfə rinqdə yox, siyasətdə.

İdman.Biz