Tayson Fyuri Entoni Coşua ilə döyüş ərəfəsində yeni filmlə gündəmdə

29 Oktyabr 2026 14:49
59
Tayson Fyuri Entoni Coşua ilə döyüş ərəfəsində yeni filmlə gündəmdə

Ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri haqqında yeni sənədli film noyabrın 29-da “Netflix” platformasında yayımlayanacaq.

İdman.Biz “BoxingNews” nəşrinə istinadən xəbər verir ki, “TYSON FURY” adlı tammetrajlı ekran əsəri britaniyalı boksçunun uşaqlıq illərindən dünya şöhrəti qazanmasına qədər keçdiyi yolu əhatə edir.

Filmin rejissoru Lüsi Uilkoksudur. Sənədli ekran əsərində Fyurinin həyat yoldaşı Paris və atası Conun müsahibələri, eləcə də boksçunun şəxsi həyatı və karyerasına aid əvvəllər yayımlanmayan görüntülər yer alıb.

Film yalnız Fyurinin rinqdəki uğurlarına deyil, şəxsi həyatında üzləşdiyi çətinliklərə də diqqət ayırır. Burada psixoloji problemlər, asılılıqla mübarizə, ailə münasibətləri və övlad itkisi kimi həssas mövzulara toxunulur.

Sənədli filmin nümayişi Fyurinin Entoni Coşua ilə çoxdan gözlənilən qarşılaşmasına təsadüf edəcək.

Britaniyalı boksçular dekabrın 11-də Uelsin paytaxtı Kardiffdəki “Principality” stadionunda üz-üzə gələcəklər. Bu, onların peşəkar karyeralarında ilk qarşılaşması olacaq. Döyüş “Netflix” platformasında canlı yayımlanacaq.

Fyuri sentyabrın 30-da keçirilən mətbuat konfransında Coşua ilə görüşü uzun müddət gözlədiyini bildirib.

“Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Onun baş tutması üçün 10 il lazım gəldi. Hər ikimizin karyerasında yüksəlişlər və enişlər olub. Nəhayət, bu məqama gəlib çatdıq”, - deyə boksçu vurğulayıb.

Fyuri həmçinin Coşuanın uzun illər Britaniya boksunun əsas simalarından biri olduğunu qeyd edib.

Qeyd edək ki, dekabrın 11-də keçiriləcək qarşılaşmanın digər iştirakçılarının adları hələ açıqlanmayıb.

İdman.Biz