Cənubi Afrikadan olan boks üzrə keçmiş dünya çempionu Zolani Teteni qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
İdman.Biz-in məlumatına görə, bu barədə SABC radiostansiyası xəbər yayıb.
Mənbənin yaydığı informasiyaya görə, artıq dörd şübhəli saxlanılıb, lakin polis yeni həbslərin də ola biləcəyini istisna etmir.
İddiaya görə, cinayətin sifarişçisi 22 yaşlı Uzuzole Qokvana ola bilər. Qətlin motivinin uzun müddətdir davam edən düşmənçilik zəminində şəxsi qisas olduğu bildirilir.
Məlumat üçün qeyd edək ki, Tete avqustun 21-də evinin yaxınlığında güllələnərək öldürülüb. Cənubi afrikalı boksçu peşəkar rinqdə 29 qələbə qazanıb və dörd məğlubiyyət alıb.
Qeyd olunur ki, Zolani Tete məşqdən qayıdarkən evinin qarşısında maşını saxlayıb və darvazanın açılmasını gözləyib. Elə bu an balaklava taxmış iki silahlı kişi maşına tərəf qaçıb və atəş açıb. 38 yaşlı boksçu yerindəcə ölüb, maşında olan qadın isə çoxsaylı güllə yaraları alıb.
2014-15-ci illərdə Zolani Tete IBF versiyası üzrə ikinci yüngül çəki dərəcəsində dünya çempionu olub. O, 2017-ci ildən 2019-cu ilə qədər WBO versiyası üzrə yüngül çəki dərəcəsində dünya çempionu tituluna sahib olub. Tete titul döyüşündə ən sürətli nokaut üzrə Ginnes rekorduna sahibdir - 11 saniyə (2017-ci ildə WBO titulunu qoruyarkən Siboniso Qonyiyə qarşı). 2022-ci ildə Ceyson Kanningem üzərində qələbədən sonra Tete dopinq testindən keçə bilməyib və 2026-cı ilin iyul ayının sonuna qədər dörd il müddətinə diskvalifikasiya edilib. Son aylarda Tete rinqə qayıtmağa hazırlaşırdı.
