IBA Çempionlar Gecəsi öncəsi üz-üzə mərasimi keçirildi - FOTO/VİDEO

9 İyul 2026 19:45
363
IBA Çempionlar Gecəsi öncəsi üz-üzə mərasimi keçirildi

Bakıda keçiriləcək IBA Çempionlar Gecəsi öncəsi ənənəvi face-to-face mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, tədbirdə döyüş gecəsində iştirak edəcək boksçular və onların rəqibləri üz-üzə gəliblər. İdmançılar ənənəyə uyğun olaraq media nümayəndələrinin önündə bir-birilərinə baxaraq şəkillər çəkdirib, qarşılaşmalar öncəsi son rəsmi proseduru tamamlayıblar.

Dünyanın ən güclü boksçularının iştirakı ilə “Sea Breeze Resort”da baş tutacaq IBA Çempionlar Gecəsi iyulun 10-da keçiriləcək. Yarışda Sübhan Mamedov (47,6 kq) Riçard Qardla (Filippin), Tayfur Əliyev (60 kq) Xurşidbek Rasuljonovla (Özbəkistan), Sərxan Əliyev (70 kq) Nurtas Ajbenovla (Qazaxıstan), Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) və Səidcəmşid Cəfərov (72,6 kq) Nikolay Veselovla (Belarus) gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.

Digər görüşdə isə Çeerav Aşalayevlə (Rusiya, 76,2 kq) Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək.

Gecənin xüsusi qonaqları sırasında dünya boksunun tanınmış simaları yer alacaq, əfsanəvi boksçu Roy Cons isə dünya çempionumuz Sübhan Məmmədovu rinqə müşayiət edəcək.

İdman.Biz