Dünya boksunun əfsanəsi Evander Holifild Bakıya gələcək

1 İyul 2026 12:10
80
Dünya boksunun əfsanəsi Evander Holifild Bakıya gələcək

Dünya boksunun əfsanəsi Evander Holifild iyulun 10-da Bakıda keçiriləcək IBA Çempionlar Gecəsi turnirinin xüsusi qonağı olacaq.

İdman.Biz xəbər verir ki, birinci ağır və ağır çəkidə sabiq mütləq dünya çempionunun Bakıya səfəri gecənin əsas media hadisəsi olacaq. Holifild haqlı olaraq boks tarixinin ən böyük idmançılarından biri hesab olunur. O, ağır çəkidə yeganə dördqat dünya çempionudur. Onun Mayk Tayson ilə qarşıdurmaları peşəkar boksun qızıl tarixinə düşüb. Məhz onların 1997-ci ildə keçirilən ikinci döyüşündə idman tarixinin ən məşhur və qalmaqallı hadisələrindən biri baş verib. Belə ki, Tayson Holifildin sağ qulağının bir hissəsini dişləyib və sonradan diskvalifikasiya olunub.

ABŞ-li boksçu üçün bu, Azərbaycan paytaxtına ilk səfər olmayacaq. Holifild sonuncu dəfə 2017-ci ildə oktyabrın 1-6-da Bakıda keçirilən WBC-nin 55-ci illik konvensiyası zamanı Azərbaycana gəlib. Həmin vaxt ölkəmizdə Kostya Tszyu, Nəsim Hamed, Erik Morales, Vitali Kliçko və Gennadi Qolovkin də daxil olmaqla dünya boksunun bir çox ulduzu bir araya toplaşmışdı.

Bu dəfə Holifild IBA Çempionlar gecəsi peşəkar boks gecəsində iştirak edəcək. Azərbaycan Boks Federasiyasının məlumatına görə, turnir ilk dəfə “Sea Breeze Resort”da təşkil olunacaq və saat 19:00-da başlayacaq.

Xatırladaq ki, turnir çərçivəsində müxtəlif ölkələrin güclü boksçularının iştirakı ilə altı döyüş keçiriləcək. Onlardan beşində Azərbaycan təmsilçiləri rinqə çıxacaqlar.

Dünya çempionu Sübhan Məmmədov (47,6 kq) Filippin təmsilçisi Riçard Qardla qarşılaşacaq. Dünya çempionatının mükafatçıları Sərxan Əliyev (70 kq) və Səidcamşid Cəfərov (72,6 kq) müvafiq olaraq Qazaxıstandan Nurtas Aybenov və Belarusdan Nikolay Veselovla döyüşəcəklər.

Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev (60 kq) Özbəkistan təmsilçisi Xurşidbek Rasuljonovla üz-üzə gələcək. Dünya Kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) isə Rusiyanı təmsil edən Hikmət Karayevlə qarşılaşacaq. Bu döyüşlərin hər biri altı raunddan ibarət olacaq.

Gecənin daha bir görüşündə 76,2 kq çəki dərəcəsində Rusiyanı təmsil edən Çeerav Aşalayevlə Belarus boksçusu Mixail Dolqolevets qarşılaşacaqlar. Bu döyüş səkkiz raund davam edəcək.

İdman.Biz