11 il əvvəl ağır beyin zədəsi alan məşhur boksçu vəfat edib

14 Avqust 2026 01:37
787
11 il əvvəl ağır beyin zədəsi alan məşhur boksçu vəfat edib

Boks dünyasının ən faciəli hekayələrindən birinin qəhrəmanı olan Priçard Kolon vəfat edib.

İdman.Biz xəbər verir ki, puerto-rikolu keçmiş boksçu 33 yaşında dünyasını dəyişib. Onun ölüm xəbərini atası və keçmiş məşqçisi Riçard Kolon sosial şəbəkədə açıqlayıb. Ölümün dəqiq səbəbi barədə məlumat verilməyib.

Kolonun həyatı 17 oktyabr 2015-ci ildə ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində Terrel Uilyamsla döyüşdən sonra tamamilə dəyişib. Həmin qarşılaşmaya qədər peşəkar karyerasında 16 döyüşün hamısında qalib gələn Kolon 13 qələbəsini nokautla qazanıb.

Döyüş zamanı Uilyams Kolonun başının arxa hissəsinə dəfələrlə zərbələr endirib. Boks qaydalarına görə qadağan olunan bu zərbələrdən sonra Kolon hakimə şikayət edib, lakin qarşılaşma davam etdirilib. Doqquzuncu raunddan sonra onun komandası döyüşün dayandırıldığını düşünərək əlcəklərini çıxarıb və nəticədə Kolon diskvalifikasiya olunub.

Paltardəyişmə otağına qayıtdıqdan sonra Kolonun vəziyyəti kəskin pisləşib. O, qusub, huşunu itirib və təcili xəstəxanaya çatdırılıb. Müayinələr zamanı beynində geniş subdural hematoma aşkarlanıb və təcili əməliyyat keçirilib.

Kolon bundan sonra 221 gün komada qalıb. Ayıldıqdan sonra isə əvvəlki həyatına qayıda bilməyib, hərəkət və danışıq imkanlarını böyük ölçüdə itirib və uzun illər ailəsinin daimi qayğısı altında yaşayıb.

Ailəsi 2017-ci ildə döyüşün vaxtında dayandırılmaması və tibbi səhlənkarlıq iddiaları ilə əlaqədar 50 milyon dollarlıq məhkəmə iddiası qaldırıb. Kolonun başına gələnlər sonrakı illərdə boksda başın arxa hissəsinə vurulan zərbələrin təhlükəsi və idmançıların sağlamlığının qorunması ilə bağlı ən çox müzakirə olunan hadisələrdən birinə çevrilib.

2021-ci ildə Dünya Boks Şurası (WBC) Kolonu fəxri dünya çempionu elan edib.

İdman.Biz