“Bəzən qız boksçulara valideyn və qardaş olmalıyıq” - millimizin baş məşqçisindən İDMAN.BİZ-ə AÇIQLAMA

5 Noyabr 2026 16:14
99
“Bəzən qız boksçulara valideyn və qardaş olmalıyıq” - millimizin baş məşqçisindən İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycanın qadınlardan ibarət boks millisinin baş məşqçisi İlkin Ağayev “Dakar-2026” Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında ölkəmizin yeganə boks təmsilçisi Gülər Hüseynovanın medal şanslarını dəyərləndirib.

İdman.Biz-ə açıqlamasında mütəxəssis bildirib ki, Yeniyetmələrin Olimpiadasında uğurlu çıxış etmək komandanın bu il üçün əsas hədəflərindən biridir:

“Bu il əsas məqsədimiz Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq idi. Lisenziya turnirində həm oğlanlar, həm də qızlar iştirak etdilər. Lakin kimin çempion olmasından asılı olmayaraq, ölkəmizə cəmi bir kvota ayrıldı. Təbii ki, Gülərin medal qazanmaq şansı var. İnşallah, püşkatma da uğurlu olsa, yaxşı döyüş nümayiş etdirəcək”.

İlkin Ağayev Azərbaycanda qadın boksunun inkişafından və idmançıların son uğurlarının səbəblərindən də danışıb:

“Son dövrlərdə qızlarımız beynəlxalq arenada uğurla çıxış edirlər. Oktyabrda Cəmilə Muradlı Avropa çempionu oldu, ötən il isə Gülər Hüseynova qitə birinciliyində qızıl medal qazandı. Milli komandaya gəldiyim ilk gündən qarşımıza qoyulan əsas məqsəd Azərbaycanda qadın boksunu inkişaf etdirmək, Avropa və dünya rinqlərində medallar qazanmaqdır. Şükürlər olsun ki, bu istiqamətdə irəliləyirik.

İdmançılarımızın uğurlarının əsasında ilk növbədə intizam dayanır. Məşqlərə və təlim-məşq toplanışlarına vaxtında qatılır, bütün tapşırıqları düzgün yerinə yetiririk. Qızlarla işləyərkən isə bəzən onlara həm valideyn, həm məşqçi, həm də qardaş olmaq lazımdır. Biz də bu prinsiplə çalışırıq və şükürlər olsun ki, nəticələrimiz var. Təbii ki, federasiya da bütün təlim-məşq toplanışlarını və yarışlarda iştirakımızı yüksək səviyyədə təşkil edir. Biz bu yola hələ yeni başlamışıq. İnşallah, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik”.

Baş məşqçi komandanın hazırkı inkişaf tempini qoruyacağı təqdirdə, Azərbaycan qadın boksçularının böyüklər arasında Olimpiya Oyunlarında da mübarizə apara biləcəyinə inandığını bildirib:

“Məqsədimiz böyüklər arasında Olimpiya Oyunlarında da Azərbaycanın qadın boksçularla təmsil olunmasıdır. Bu istiqamətdə inamla irəliləyirik. Çünki Gülər Hüseynova, Cəmilə Muradlı və Banuçiçək Nəsirli kimi perspektivli idmançılarımız var. Əlbəttə, onları Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında görmək istəyirik. Ancaq bunun üçün bir qədər vaxt lazımdır. Məsələn, Gülərin yaşı Los-Anceles Olimpiadasında iştirak etməyə imkan vermir. İnşallah, 2032-ci il Olimpiya Oyunlarında qadın boksçularımızı rinqdə görəcəyik”, - deyə İlkin Ağayev fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Dakar-2026-da boks yarışlarına noyabrın 7-də start veriləcək. Azərbaycanı 51 kq çəki dərəcəsində Gülər Hüseynova təmsil edəcək.

Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycan səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Hazırda millimizin aktivində bir medal var. Yeganə mükafatı cüdoçu İbrahim Talıbov 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq ölkəmizə gətirib.

İdman.Biz