Serbiyanın Loznitsa şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisi uğurlu start götürüb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
35 ölkənin qatıldığı yarışın ilk günündə üç boksçumuz rinqə çıxıb və onların hər üçü qələbə qazanıb.
Gülər Hüseynova (51 kq) 1/8 finalda Nataşa Lukiçlə (Serbiya) döyüşüb. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda rəqibini 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, avqustun 17-də 1/4 finalda ilk mərhələdən azad olan Patrisia Petrimanla (Macarıstan) qarşılaşacaq.
Əli Əliyev (50 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda İmad Bouraouiaya (İtaliya) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Milli üzvü avqustun 15-də ikinci görüşündə Adrian Zameçiki (Slovakiya) sınağa çəkəcək.
Əli Baxışov (60 kq) da adını 1/8 finala yazdırıb. Təmsilçimiz Artur Avetisyanla (Ermənistan) döyüşdə hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (28:25, 27:26, 27:26, 27:26, 27:26). O, avqustun 16-da Petar Krpanla (Xorvatiya) üz-üzə gələcək.
Qeyd edək ki, boks üzrə Avropa çempionatına avqustun 21-də yekun vurulacaq.
