Banuçiçək Nəsirli Azərbaycan qadın boksunda yenidən tarix yazıb - İDMAN.BİZ-in İCMALI

18 Avqust 2026 12:46
112
Banuçiçək Nəsirli Azərbaycan qadın boksunda yenidən tarix yazıb - İDMAN.BİZ-in İCMALI

Azərbaycanlı boksçu Banuçiçək Nəsirli qadın boksu tariximizdə yeni rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, Serbiyanın Lozniça şəhərində keçirilən U-19 Avropa çempionatında 48 kq çəki dərəcəsində çıxış edən Nəsirli 1/4 finalda polşalı Katarjina Qornisieviçə 3:2 hesabı ilə qalib gəlib. Bununla da yarımfinala yüksələn idmançımız ən azı bürünc medalı təmin edib.

Bu, Nəsirlinin U-19 Avropa çempionatında qazandığı ikinci medaldır. O, 2025-ci ilin oktyabrında Çexiyanın Ostrava şəhərində keçirilən Avropa çempionatında 48 kq çəki dərəcəsində finala qədər irəliləyib və gümüş medal qazanıb.

Həmin turnir Azərbaycan qadın boksu üçün tarixi əhəmiyyət daşıyıb. İlk dəfə ölkəmizin qadın boksçuları U-19 Avropa çempionatında medal əldə ediblər. Nəsirlinin gümüş medalından başqa, İlkana Əhmədova 80 kq-dan yuxarı çəki dərəcəsində bürünc mükafata sahib olub.

Beləliklə, hazırkı Lozniça yarışında da medalını təmin edən Nəsirli iki U-19 Avropa çempionatında fəxri kürsüyə yüksələn ilk azərbaycanlı qadın boksçu olub.

Qeyd edək ki, bu, Nəsirlinin gənc yaşda qazandığı ilk tarixi uğur deyil. O, hələ 2022-ci ildə 44 kq çəki dərəcəsində məktəbli qızlar arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Bununla da Nəsirli həmin yarışda medal əldə edən ilk azərbaycanlı qız boksçu olub.

İndi Nəsirlinin hazırkı Avropa çempionatında nəticəsini daha da yaxşılaşdırmaq imkanı var. O, 20 avqustda yarımfinalda irlandiyalı Ellen Coys ilə qarşılaşacaq. Qələbə qazanacağı təqdirdə azərbaycanlı boksçu ardıcıl ikinci il U-19 qitə birinciliyinin finalına yüksələcək.

İdman.Biz
Məqalədə: