Səudiyyə Ərəbistanına hücumlar Alvaresi qorxutmadı - Döyüş olacaq

12 Oktyabr 2026 07:38
87
Səudiyyə Ərəbistanına hücumlar Alvaresi qorxutmadı - Döyüş olacaq

Meksikalı peşəkar boksçu Saul Kanelo Alvares Səudiyyə Ərəbistanında təhlükəsizlik vəziyyətinin gərginləşməsinə baxmayaraq, oktyabrın 31-də Ər-Riyadda keçiriləcək dünya çempionluğu döyüşündən imtina etməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx məlumat verib.

Onun sözlərinə görə, 36 yaşlı boksçu şəxsən əlaqə saxlayaraq ölkədə baş verən hadisələrin planlarına təsir etməyəcəyini bildirib.

“Kanelo mənimlə əlaqə saxladı və nə baş verməsindən asılı olmayaraq, oktyabrda Ər-Riyadda döyüşəcəyini söylədi. O, heç nədən qorxmur”, - deyə Əl-Şeyx sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Alvares oktyabrın 31-də məğlubiyyətsiz kanadalı boksçu Kristian Mbilli ilə qarşılaşmalıdır. Döyüş ikinci orta çəki dərəcəsində WBC versiyası üzrə dünya çempionluğu titulu uğrunda keçiriləcək.

Səudiyyə Ərəbistanının paytaxtında təhlükəsizlik vəziyyəti son günlərdə gərginləşib. Oktyabrın 10-da Ər-Riyadın Kral Xalid Beynəlxalq Hava Limanına raket zərbəsi nəticəsində azı 12 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Hadisələrdən sonra hava limanının fəaliyyəti dayandırılıb, bir sıra beynəlxalq aviaşirkətlər isə Səudiyyə Ərəbistanına uçuşlarını müvəqqəti ləğv ediblər.

Bununla belə, Alvares döyüşə hazırlığını davam etdirir. Meksikalı boksçu ötən ilin sentyabrında Terens Krouforda məğlub olduqdan sonra ilk dəfə rinqə çıxacaq. O, hazırda İspaniyanın Aralıq dənizi sahillərində, ukraynalı Oleksandr Usikin də istifadə etdiyi məşq bazasında hazırlıq keçir.

Alvares peşəkar karyerasında 63 qələbə qazanıb, üç dəfə məğlub olub və iki görüşü heç-heçə başa çatdırıb. Qələbələrinin 39-na nokautla nail olub.

Onun rəqibi Kristian Mbilli isə indiyədək keçirdiyi 29 döyüşün hamısında qalib gəlib. Kanadalı boksçu 24 qarşılaşmanı nokautla başa vurub.

Alvares əvvəlki məğlubiyyətindən də danışaraq Kroufordla döyüşə yaxşı hazırlaşdığını, lakin qarşılaşma həftəsində psixoloji baxımdan lazımi vəziyyətdə olmadığını etiraf edib.

Meksikalı idmançı karyerasını nə vaxt başa vuracağı ilə bağlı isə hələ qərar vermədiyini bildirib.

İdman.Biz