Azərbaycanın beş boksçusu Avropa çempionatının finalına yüksəldi - YENİLƏNİB + FOTO

9 Oktyabr 2026 23:37
877
Azərbaycanın beş boksçusu Avropa çempionatının finalına yüksəldi

Monteneqronun Budva şəhərində keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycanın beş təmsilçisi finala yüksəlib.

İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsində mübarizə aparan səkkiz boksçumuzdan beşi qələbə qazanaraq həlledici görüşlərə vəsiqə əldə edib.

Səma Abbasova (66 kq), Cəmilə Muradlı (57 kq), Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq) və Məhəmmədəli İstamov (57 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Digər üç təmsilçimiz - Xumar Cəfərli (80 kq-dan yuxarı), Qardaş Rəhimov (54 kq) və Hidayət Məmmədov (70 kq) yarımfinalda rəqiblərinə məğlub olaraq bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında artıq səkkiz medalı təmin edib. Onlardan beşi qızıl ola bilər.

10:55

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, mərhələnin son günündə Azərbaycan millisinin daha altı idmançısı yarımfinala yüksəlib.

Cəmilə Muradlı (57 kq) Rozali Uhrova (Çexiya) ilə qarşılaşıb. Döyüş təmsilçimizin 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda Morena Stifani (İtaliya) ilə üz-üzə gələcək.

Həsrət Məmmədov (46 kq) Kristian Mezesi (Slovakiya) cəmi 79 saniyəyə üstələyib. Boksçumuz final uğrunda Ronan Çarlzla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.

İsmayıl Nəsirzadə (52 kq) Qleb Qrinblatı (İsrail) məğlub edib – 5:0 (29:26, 29:26, 29:25, 29:25, 30:24). O, növbəti cəhdində Martin Nevini (İrlandiya) sınağa çəkəcək.

Qardaş Rəhimov (54 kq) bu dəfə Mikita Beskaravainy (Belarus) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinalda Strahinya Mrdakla (Monteneqro) gücünü yoxlayacaq.

Məhəmmədəli İstamov (57 kq) Eleftherios Zurnatsisə (Yunanıstan) qalib gəlib. Boksçumuz ilk 2 raundu aktivinə yazdıqdan sonra rəqib məşqçi döyüşdən imtina edib. İstamov növbəti görüşündə Nikita Zaxarçenko (Ukrayna) ilə qarşılaşacaq.

Hidayət Məmmədov (70 kq) isə Sandro Tsimtsba (Rusiya) üzərində inamlı qələbə qazanıb. O, ilk raundda rəqibini nokaut edib. Məmmədov yarımfinalda Paddi Nevinlə (İrlandiya) döyüşəcək.

Nəticədə yarımfinala yüksələn boksçularımızın sayı 8-ə yüksəlib. Daha öncə Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də bu hüquqa yiyələnib.

Yarımfinala yüksələn milli üzvləri özləri üçün azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar oktyabrın 11-də olacaq.

İdman.Biz