Azərbaycan boksçusu Yohanes Nuriyevin (+92 kq) İdman.biz saytına müsahibəsi
- Azərbaycan çempionatında ən ağır çəki dərəcəsində qızıl medala yiyələndin. İlk dəfə qatıldığınız yarışda bu nəticəni gözləyirdin?
- İllərdir çempionatda öz sözümü demək niyyətində idim. Mənim üçün ölkə çempionatı beynəlxalq yarışlara bir açar rolunu oynayacaq. Yarışda da qalib gələcəyimən əmin idim. Bu əminliyi mənə yalnız məşqlərə qurban etdiyim saatlar verib. Ona görə də hər döyüşə çox rahat çıxdım.
- Aşağı yaş dərəcələri üzrə Azərbaycan birinciliklərində ya iştirak etməmisiz, ya da qatılmısızsa ciddi uğurlarınız olmayıb. Necə oldu ki, böyüklər arasında çempionatda çıxış etməyə qərar verdin?
- İki dəfə yeniyetmələr arasında yarışmışam. Bakı və Azərbaycan birinciliyində üçüncü yeri tutmuşam. Bu, idmana bir başlanğıc idi. Böyüklər arasında yarış isə mənim üçün çox vacib idi. Qərar verib, iştirak etdim.
- Ağır çəki dərəcələri həmişə Azərbaycan idmanda "yaralı yer" olub. Ya idmançı qıtlığı yaşanıb, ya da legionerlərə güvənilib. Gələcəkdə bu çəkidə özünü doğrulda biləcəksən?
- Bu səbəbdən 3 döyüşümdən ikisini birinci raundda nokautla bitirdim. Nəinki özümü doğrultmaq, hətta gələcəkdə iştirak edəcəyim yarışların hər birində sözümü demək istəyirəm.
- Sənin çəki dərəcəndə Azərbaycanın titulu idmançılarından biri Məhəmməd Abdullayevdə çıxış edir. Ölkə çempionatında iştirak etməyən dünya çempionatının ikiqat bürünc medalçısı və Paris-2024-ə lisenziyanın sahibi ilə rəqabətə hazırsan?
- Məhəmməd çox təcrübəli boksçudur. Ona çox böyük hörmətim var. Rəqabətə gəldikdə, 1 nömrə olacağımı sübut etməyə hazıram. Yalnız bu düşüncə ilə irəli getmək mümkündür.
- Abdullayev Azərbaycan çempionatında iştirak etsəydi, yenə çempion ola biləcəkdin?
- Heç bir problem yoxdur, bilirəm ki, onunla nə vaxtsa rinqdə üz-üzə gələcəyik. Məhəmmədin Olimpiya çempionu olmaq gücündə olduğuna da inanıram. Amma mən ola qalib gəlsəm, bu, böyük nailiyyət olacaq.
- Adın da maraq doğurur. Niyə Yohanes?
- Azərbaycanlıyam. Almaniyada doğulmuşam. Anam bu adı çox bəyənib və mənim də çox xoşum gəlir. Bir gün bu adı brendə çevirmək niyyətindəyəm. Düşünürəm ki, bəzilərinə qeyri-adi gəlsə də, çox yadda qalan addır.
- Bəs boksa gəlişiniz necə alınıb?
- Bir gün küçədə təklənib döyüldüm. O gündən sonra özümə söz verdim ki, bir də belə hal yaşanmayacaq. 14 yaşımda əlcəkləri geyindim və geri dönmədim, boksun şöhrətinə vuruldum. İndi isə məni təkləyib döyənlərə minnətdarlığımı bildirirəm. Hazırda Əsgər Eyvazov, Rauf Məmmədov və Şahin İmranovun rəhbərliyi altında məşq edirəm. Düşünürəm ki, ölkənin ən yaxşı məşqçilərinin əllərindəyəm. Amerikada boksu öyrənməyimə baxmayaraq, onlar mənə Sovet boksunun incəliklərini aşılayıb, öyrədirlər.
Banuçiçək Hüseynli
İdman.biz