“Bu idmandır və idmanda konkret gözləntilər barədə dəqiq proqnoz vermək çətindir”.
Bunu Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov AZƏRTAC-a müsahibəsində deyib.
O, Azərbaycan boksunun hazırkı durumu, əldə olunan nəticələr, qarşıdakı Olimpiya hədəfləri və federasiyanın gələcək planları barədə danışıb.
Həmin müsahibəni təqdim edirik.
- 2025-ci ildə boksçularımızın 231 medal qazanmasını necə dəyərləndirirsiniz? 47 beynəlxalq yarışda iştirak edib bu qədər medal qazanmaq federasiya üçün gözlənilən idi?
- Tam doğru qeyd etdiniz. Bu nəticələr son 10 ilin ən yüksək göstəriciləridir. İdman siyasəti elə bir sahədir ki, görülən işlər öz nəticəsini dərhal göstərmir, bir neçə ildən sonra üzə çıxır. Bu nəticələr gözlənilən idi. Təbii ki, medal sayı daha çox və ya daha az da ola bilərdi. Amma əsas məsələ ondan ibarətdir ki, bu, görülən işlərin real nəticəsidir. Bu baxımdan əldə olunan göstəricilər həm sevindiricidir, həm də bizim üçün qənaətbəxşdir.
- Gənc boksçular da ötən il yüksək nəticələrlə yadda qaldılar. Bilalhəbaşi Nəzərov (50 kiloqram) U-19 Avropa çempionatında qızıl medal qazanmaqla boks tariximizə gənclər arasında qitə birinciliyinin ikiqat qalibi kimi düşüb. Xumar Cəfərli (75 kiloqram) də məktəblilərin Avropa çempionatında birinci olmaqla ilki reallaşdırıb. O, bu yaş qrupunda qızıl medala sahib olan azərbaycanlı qız boksçu kimi adını tarixə yazdırıb. Gənc yaş qruplarında bu cür uğurların davamlı olması üçün hansı addımlar atılır?
- Federasiyamızın müəyyən edilmiş inkişaf strategiyası var. Bu strategiyanın ən vacib istiqamətlərindən biri Azərbaycanın bütün bölgələrində, regionlarında boksun inkişafıdır. Adı çəkilən bu idmançılar ölkəmizin müxtəlif bölgələrini təmsil edirlər. Yaradılan şərait, təbii ki, öz bəhrəsini verməlidir və hazırda nəsil dəyişmə prosesi gedir. Bildiyiniz kimi, bunun üçün məktəblilər, yeniyetmələr və gənclər arasında sistemli və davamlı iş aparılmalıdır. Boksçuların bu mexanizm üzrə ardıcıl şəkildə yetişməsi isə əldə etdiyimiz nəticələrin əsas şərtidir.
- Sübhan Məmmədov 19 yaşında həm Avropa, həm də dünya çempionu oldu. Ondan gələcək yarışlar üçün gözləntilər necədir?
- Bu idmandır və idmanda konkret gözləntilər barədə dəqiq proqnoz vermək çətindir. Lakin hər bir idmançının ən böyük arzusu Olimpiya Oyunlarında iştirak etmək, ölkəsini layiqincə təmsil etmək və Olimpiya qızılı qazanmaqdır. Bir federasiya olaraq bizim də Sübhanla bağlı əsas gözləntilərimiz Olimpiadada uğurlu çıxış, qələbə və medal əldə etməkdir. Əlbəttə ki, medalın qızıl olması bizim üçün daha arzuolunandır.
- Alfonso Dominqes (92 kiloqram) Parisdə gümüş qazansa da, kolleksiyasında yalnız Olimpiya qızılı əskikdir. Federasiya olaraq, Dominqesin Los-Ancelesdə bu qızılı qazanması və Azərbaycan boksunda üçqat Olimpiya mükafatçısı kimi tarixə düşməsi üçün xüsusi bir planınız varmı? Bu, həm də Azərbaycanın ilk qızılı ola bilər...
- Olimpiada elə bir yarışdır ki, orada proqnoz vermək həqiqətən də çox çətindir. Hətta yüksək hazırlıq səviyyəsinə malik boksçular belə bəzən uğur qazana bilmir, bəzən ilk döyüşdə məğlub olurlar. Bu sual əsasən məşqçinin səlahiyyətinə aid məsələdir. Təbii ki, federasiyanın bununla bağlı ümumi planı var və lazımi şərait yaradılır. Lakin əsas hazırlıq planı baş məşqçi tərəfindən həyata keçirilir. 2025-ci ildə Alfonso Dominqesin əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, həm məşqçinin planı, həm də idmançının şəxsi hazırlıq planı düzgün qurulub və onlar doğru istiqamətdə inkişaf edirlər.
- Boks 2017-2025-ci illər aralığında ən çox sanksiya almış idman növləri arasında ikinci olub. Gələcəkdə boksda sanksiyaların sayını azaltmaq üçün hansı tədbirlər görüləcək?
- Bizim elə bir mexanizmimiz yoxdur ki, Respublika çempionatında iştirak edən boksçular əvvəlcədən yoxlanılsın və yalnız bundan sonra yarışa buraxılsın. Çünki bu proses birbaşa WADA və AMADA tərəfindən həyata keçirilir və boksçuların əvvəlcədən yoxlanılıb yarışlara qatılması qaydalara ziddir. Bu baxımdan, sizin qeyd etdiyiniz hesablamanı o qədər də obyektiv hesab etmirəm. Niyə? Çünki Respublika çempionatında iştirak edən idmançıların təxminən 99 faizi millinin üzvü deyil. Onlar üçün medal qazanmaq və beynəlxalq arenaya çıxmaq əsas prioritet hesab olunmur. Məhz bu səbəbdən də bəzi hallarda onlar qadağan olunmuş preparatlardan istifadə edərək Respublika çempionatında iştirak edirlər.
- Los-Anceles Olimpiadasında boksun taleyi ilə bağlı müxtəlif müzakirələr gedirdi. Hazırda bu məsələdə son vəziyyət necədir?
- Bildiyiniz kimi, 2028-ci ildən etibarən boks yenidən Olimpiya idman növü kimi Olimpiya Oyunlarının proqramına daxil edilib. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul olunmayan Beynəlxalq Boks Assosiasiyasından (IBA) əlavə olaraq isə “World Boxing” adlı yeni qurum yaradılıb. Bu qurumun artıq seçkiləri keçirilib və tanınmış boksçu Gennadi Qolovkin “World Boxing”in prezidenti seçilib. Qurumun Olimpiya Oyunları, ümumilikdə Olimpiya hərəkatı ilə bağlı öz strategiyası və planları mövcuddur. Biz hesab edirik ki, boks bundan sonra da Olimpiya Oyunlarının proqramında qalacaq. Bu istiqamətdə hər hansı ciddi maneə görmürük.
- Olimpiadada boks üzrə çəki dərəcələrinin dəyişəcəyi deyilir. Bu dəyişiklik boksçularımıza necə təsir edəcək? Onların hazırkı çəkilərində qalması mümkündür, yoxsa dəyişikliklər olacaq?
- Artıq çəki dərəcələri bəllidir: yeddi kişi və yeddi qadın çəki dərəcəsi müəyyən olunub. Gender balansını təmin etmək məqsədilə Beynəlxalq Olimpiya Komitəsi kişi çəki dərəcələrinin sayını azaldıb, qadınların çəki dərəcələrinin sayını isə artırıb. Təbii ki, ölkəmizdə kişi boksu daha çox inkişaf etdiyinə görə bu amil bizim işimizi müəyyən qədər çətinləşdirir. Çəki dərəcələrinin seçiminə gəldikdə isə, bununla bağlı baş məşqçinin özünəməxsus planı mövcuddur. Olimpiada ərəfəsində 75 kiloqram çəki dərəcəsi proqramda yer almadığı üçün bu çəkidə uğur qazanan boksçunun 70 kiloqramda çıxışını davam etdirəcəyi, yoxsa 80 kiloqrama keçəcəyi barədə qərar verilməlidir. Bu məsələdə kompleks yanaşma və sistemli tədbirlər vacibdir. Burada baş məşqçinin, komandanın tibbi heyətinin, həkimlərin və digər məsul şəxslərin rəyi və işi xüsusi əhəmiyyət daşıyır.
- Azərbaycanı ilk dəfə qadınlar arasında Olimpiadalarda legioner boksçu Yelena Vıstropova təmsil edib. Bu dəfə komandamız ilkə imza ataraq Los-Ancelesdə yerli qadın boksçu ilə təmsil oluna bilərmi? Bu barədə əsas ümidlər hansı qız idmançılarımızadır?
- Bizim əsas hədəfimiz yerli boksçuların yetişdirilməsidir. Siz də şahid oldunuz ki, bu istiqamətdə yerli məşqçilər üçün mütəmadi olaraq seminarlar və imtahanlar təşkil edirik. Bu prosesin davamlı şəkildə aparılması həm məşqçilərin bilik və bacarıqlarının artırılmasına, həm də yerli idmançıların yetişdirilməsinə xidmət edir. Qadın boksu ilə bağlı gözləntilərimiz böyükdür və son dövrlərdə əldə olunan nəticələr, qazanılan medallar bu sahəyə daha optimist yanaşmağa əsas verir. Lakin qeyd etdiyim kimi, Olimpiya Oyunları tam fərqli səviyyəli yarışdır və ora xüsusi hazırlıq, yüksək potensiala malik boksçular tələb edir. Qadın boksunda da işlər davam etdirilir və ümid edirik ki, gələcək Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək boksçumuz olacaq. Ən azından Olimpiadada iştirakçımızın olacağına inanırıq.
- 2026-cı il üçün federasiyanın əsas hədəfləri nələrdir?
- Bildiyiniz kimi, federasiya olaraq əvvəl IBA-nın üzvü olduğumuz dövrdə yarışlar 13 çəki dərəcəsi üzrə keçirilirdi. Bu ildən etibarən isə “World Boxing”in proqramına uyğun olaraq kişi boksunda çəki dərəcələrinin sayı 10-a endiriləcək. Qadın boksunda da əvvəl 12 olan çəki dərəcələri 10-a salınacaq. Yəni əsas dəyişikliklər məhz bu istiqamətdədir. Digər mühüm məsələ isə cari ilin yarış təqvimi və əsas hədəfləridir. Böyüklər arasında Dünya Kuboku və final mərhələsi keçiriləcək. Bu yarışlarda iştirak edən boksçular “Los-Anceles-2028”ə vəsiqə qazanmaq üçün reytinq xalları toplamalıdırlar. Əsas məqsədimiz məhz bu reytinq xallarının əldə edilməsidir. Bununla yanaşı, gənclər arasında dünya çempionatı da gözlənilir və bu yarış da bizim üçün xüsusi əhəmiyyət daşıyır. Gənclər arasında Olimpiya Oyunları da mövcuddur, lakin bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin ayrıca proqramı var və yalnız həmin proqram çərçivəsində fəaliyyət göstərmək mümkündür. Ümumilikdə, federasiyanın bu il üçün əsas hədəfləri bunlardan ibarətdir. Bakı şəhərində keçiriləcək beynəlxalq və ənənəvi yarışlarımız da nəzərdə tutulub. Bu il üçün üç beynəlxalq turnir təşkil ediləcək: Bunlar Heydər Əliyev Kuboku, Böyük İpək Yolu Kuboku və Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq yarışlardır.
- Federasiyanın il ərzində xarici mütəxəssisləri Azərbaycana dəvət etmək kimi fikri varmı? Ümumiyyətlə, yerli məşqçilərin inkişafı və onların beynəlxalq təcrübə qazanması üçün hansı addımların atılması planlaşdırılır?
- Bu seminarların əsas məqsədi mütəxəssislərimizin inkişafına xidmət etməkdir. Uğur qazanmış, yüksək balla imtahandan keçmiş məşqçilərimizi xaricdə mübadilə kurslarına göndərmək də planlarımız arasındadır. Məqsədimiz məhz bu məşqçilər üzərində inkişafı təmin etməkdir. Təbii ki, xarici mütəxəssislər yüksək səviyyəli bilik və təcrübəyə malik ola bilərlər, lakin onlar Azərbaycan reallıqlarını və ölkədə boksun inkişaf prosesini tam bilməyə bilərlər. Eyni zamanda, hər bölgənin öz spesifikası və xüsusiyyətləri mövcuddur. Buna görə də, həmin bölgələrdə yaşayan məşqçilərin yetişdirilməsi və onların həmin bölgələr üçün işə hazır olması bizim əsas hədəfimizdir. Sizin qeyd etdiyiniz məsələyə uyğun olaraq, beynəlxalq təlim-məşqlərdə yığmalarımızın iştirakı zamanı həmin məşqçilər köməkçi məşqçi qismində iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Bu il üçün planlaşdırılıb, lakin konkret vaxt və yerlər hələ açıqlanmayıb. Plan çərçivəsində Boks Assosiasiyası qitə səviyyəli məşqçilərin yetişdirilməsini və dünya səviyyəli məşqçilərin seminardan uğurla keçərək diplom almasını nəzərdə tutur. Bu iki məsələ hazırda gündəmdədir və biz də düşünürük ki, öz məşqçilərimizin həmin seminar və imtahanlarda iştirakını təmin edək.
