Dünya çempionatına yollanan azərbaycanlı boksçu: “Rəqiblərimin döyüşlərinə baxmıram” - MÜSAHİBƏ

Müsahibə
3 Dekabr 2025 12:18
37
Dünya çempionatına yollanan azərbaycanlı boksçu: “Rəqiblərimin döyüşlərinə baxmıram” - MÜSAHİBƏ

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatı start götürəcək.

Azərbaycanı yarışda təmsil edəcək Sərxan Əliyev (70 kiloqram) turnirə hazırlıq və hədəfləri ilə bağlı AZƏRTAC-a müsahibə verib.

- Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatına start verilir. Mundiala hazırlıq necə keçdi?

- Dünya çempionatına hazırlığımız yaxşı keçdi. Ötən ay Özbəkistanda təlim-məşq toplanışda olduq. Buradakı hazırlıq prosesimiz yaxşı təşkil olunmuşdu. Sonra İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak etdik. Bu yarışdan yaxşı formada çıxdıq. Üzərimizdə daha çox işləmişik.

- Azərbaycan millisinin şanslarını necə qiymətləndirirsiniz?

- Kollektiv yaxşı durumdadır. Heyət gənc və təcrübəli simalardan ibarətdir. Fikrimcə, komanda olaraq yaxşı nəticə əldə edəcəyik.

- 2021-ci ildə Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil edilən dünya çempionatında bürünc medal qazanmışdınız. Necə düşünürsünüz, bu yarışda medal əyarını dəyişə bilərsiniz?

- Bəli, həmin yarışda böyüklər arasında ilk medalımı qazanmışdım. Düşünürəm ki, minimum bürünc medal qazanmalıyam. Ən böyük hədəfim isə qızıldır.

- Turnirdə potensial rəqiblərinizi necə dəyərləndirirsiniz? Xüsusi izlədiyiniz və analiz etdiyiniz rəqiblər varmı?

- Düzünü desəm, rəqiblərimin görüşlərinə baxmamışam. Döyüşlərdən əvvəl mənə qarşı mübarizə aparacaq idmançıları izləməyi xoşlamıram. Hər ikimiz insanıq. Hansı rəqibin olması mənə fərq etmir.

- Dünya çempionatından sonra karyeranıza dair növbəti böyük hədəfiniz nədir?

- Dünya çempionatında sonra böyük yarışımız yoxdur. Bu il çoxlu turnirlərə qatıldıq. Hədəfim dünya çempionatında müsbət nəticə göstərib, daha sonra dincəlməkdir.

İdman.Biz

Məqalədə: