"Oyun planında hər şey heç də ideal deyil".
İdman.biz xəbər verir ki, bunu NTD-INDIGO basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasında “Gəncə”ni 94:76 hesabı ilə məğlub etdikləri oyunu şərh edib. O bildirib ki, komanda hələ inkişaf etməlidir: ”Səhvlər üzərində işləyəcəyik. Xüsusilə, müdafiədə daha yaxşı oynamalıyıq, müxtəlif kombinasiyalar üzərində işləməliyik. Gənc oyunçular təcrübə qazanmalıdırlar. Oyunu təhlil edəcəyik. Deyərdim ki, indiyə qədər komanda görmək istədiklərimin yalnız 60 faizini göstərir. Növbəti matç "Xəzri"yə qarşı olacaq. Onların heyətində güclü yerli oyunçular və legionerlər var. Amma qələbə üçün oynayacağıq".
Qeyd edək ki, turun ilk görüşündə "Xəzri" səfərdə "Cəlilabad"a 89:79 hesabı ilə qalib gəlib. "Sərhədçi" - "Sumqayıt" matçı noyabrın 10-da, "Neftçi" - "Şəki" və "Xırdalan" - "Sabah" oyunları isə ertəsi gün keçiriləcək.
İdman.biz