Azərbaycan 107-ci, rəqibi 44-cüdür: Bugünkü oyun təcrübə baxımından əhəmiyyətlidir

Xəbərlər
7 Noyabr 2024 21:05
163
Azərbaycan 107-ci, rəqibi 44-cüdür: Bugünkü oyun təcrübə baxımından əhəmiyyətlidir

İndi azərbaycanlı idmansevərlərin diqqəti, əsasən, Norveçdə vacib oyuna çıxacaq “Qarabağ”a yönəlsə də, Azərbaycan millisi də bu gecə növbəti matçını keçirəcək. Söhbət qadınlardan ibarət basketbol komandasından gedir.

Düzdür, Polşada yerli milli ilə qarşılaşma basketbolçularımız üçün nəticə baxımından deyil, təcrübə baxımından əhəmiyyət kəsb edir. Bu, həmin Polşadır ki, qrupun ilk turunda səfərdə sensasiyalı şəkildə favorit Belçikaya qalib gəlib (67-62).

Əlbəttə, EuroBasket Women 2025 seçmə turnirinə ötən il iki məğlubiyyətlə başlayan qızlarımızdan final turnirinə vəsiqə gözləməyə dəyməz. Həmçinin noyabrın 10-da Litva (o da Polşada olacaq), gələn ilin fevralında isə Belçika və yenə Polşa ilə oyunlardan yalnız gələcək yarışlar üçün təcrübə qazanmaq olar.

Hazırda FIBA qadınların reytinqində Azərbaycan 107-ci mövqedə (kişilər 104-də) qərarlaşsa da, rəqiblərimiz ilk 50-likdə yer alırlar.
Ümumiyyətlə, reytinqin lideri ABŞ komandasıdır, kişilərin reytinqində olduğu kimi.

Avropa təmsilçilərindən Fransa 3-cü, İspaniya 5-ci, rəqiblərimizdən Belçika isə 6-cıdır. Qrupumuzun lideri Litva 45-ci, bugünkü rəqib Polşa da 44-cüdür. Müqayisə üçün deyək ki, Türkiyə 17-ci yerdədir.

Ümumilikdə FIBA reytinqində 116 komanda var ki, onlardan da sonuncusu Gürcüstandır. Halbuki kişi basketbolunda qonşularımız 24-cü yerdədirlər.

Tarix deyir ki, qadın basketbolçularımız ilk dəfə 1997-ci ildə Avropa çempionatının seçmə mərhələsində çıxış ediblər. Onda da yeddi oyundan 7 məğlubiyyətlə qrupda sonuncu – 8-ci yeri tutublar. Təsadüfə bax ki, o vaxt qrupun lideri məhz Polşa millisi olub.
Komandamız dörd dəfə də kiçik ölkələr üçün Avropa çempionatında çıxış edib və ən yaxşı halda 6-cı yeri tutub, özü də yeddi iştirakçı arasında.

Polşa ilə bugünkü oyuna çıxacaq heyətə gəlincə, əlbəttə ki, istərdik yerli idmançılarımızın sayı daha çox olsun, amma hələ ki, komandamız daha çox əcnəbi soyadı daşıyan basketbolçuların ümidinə qalıb.

Baş məşqçi Evren Alkayannın seçdiyi on iki nəfərlik heyətlə tanış olaq: 7. Tatyana Deniskina; 8. Dina Ulyanova; 9. Angelina İsmayılova; 10. Ela Nur Gökçöl; 11. Səlminaz Ramazanlı; 12. Silan Akbingöl; 21. Sitarə Abbasova; 22. Zarina Musayeva; 23. Arica Carter; 24. Alexandra Mollenhauer; 32. Evelina Yaşayeva; 77. Deniz Gökçöl.

Rasim
İdman.biz