Türkiyəli baş məşqçi: “Onları Azərbaycan basketboluna qazandırmaq üçün əlimizdən gələni edəcəyik”

Xəbərlər
10 Oktyabr 2023 08:52
138
Türkiyəli baş məşqçi: “Onları Azərbaycan basketboluna qazandırmaq üçün əlimizdən gələni edəcəyik”

“Yeni mövsümün hazırlıqlarına Gəncə Olimpiya İdman kompleksində davam edirik. Komanda hələ hazır deyil. Çünki hazırlıqlara bir az gec başladıq. Azərbaycanlı oyunçular düşərgəyə gec gəldilər. 10 gündür məşqlər edirik”.

Bunu İdman.biz sayına “Gəncə” basketbol klubunun baş məşqçisi Bədri Məriç deyib.

Bu mövsüm büdcədə bir qədər azalma olduğunu bildirən mütəxəssis ölkə çempionatında ötən ilki uğuru təkrarlamağın asan olmayacağını bildirib. Onun sözlərinə görə, yeni mövsümdə əsas məqsədləri gənc basketbolçular yetişdirmək olacaq: “Ötən mövsüm “Gəncə” çempionluğu 1 addımlığında məğlub oldu. Bu mövsüm vəziyyət bir qədər fərqlidir. Büdcəmizə görə liqadakı klubların bəzilərindən geri qalırıq, azalma var. Təbii ki, son matç qədər mübarizə aparacağıq. Ötən mövsüm “Gəncə”də təcrübəli azərbaycanlı basketbolçular var idi. Onlar bu liqada önəmli rol oynayırlar. O səbəbdən “Gəncə” ötən mövsüm sona qədər çempionluq uğrunda mübarizə apardı. Bu mövsüm gənc oyunçularımıza inanırıq. Komandada 12 basketbolçu var. 5-ı amerikalı, 1-i kanadalı, digərləri isə gənc yerli oyunçulardır. Biz onları Azərbaycan basketboluna qazandırmaq üçün əlimizdən gələni edəcəyik”.

Türkiyəli çalışdırıcı “Sabah” klubunun FİBA Avropa kubokuna vəsiqə qazanmasına münasibət bildirib. O, bu halın basketbolumuzun inkişafına təsir edəcəyini deyib: “Sabah”ın Avropa kubokunda oynamasına çox sevindim. Azərbaycan basketbolu üçün çox önəmli bir addımdır. Burda basketbola olan baxışın genişlənməsi, məşqçilərin, oyunçuların Avropa basketbolunu daha yaxından izləməsi üçün çox önəmlidir. Ümid edirəm ki, onlar üçün yaxşı olar”.

O, Azərbaycan Basketbol Liqasında reqlamentinə də toxunub və bildirib ki, fərqli ola bilərdi: “Komandaların daha çox oyun keçirməsi üçün müntəzəm yarış bitdikdən sonra 1-ci yerlə 8-ci yer və bu formada digər komandalar da bir-biri ilə oynaya bilərdi”.

Qeyd edək ki, ötən mövsüm “Gəncə” həlledici qarşılaşmada “Sabah”a uduzaraq çempionluğu əldə verib.

Emin Ağa

İdman.biz