"Aartıq hazırlığa başlamışıq. Komandada beş yeni legioner var. Hamısı gənc oyunçulardır”.
İdman.biz xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev deyib.
Mütəxəssis yeni mövsümə hazırlıqlardan danışıb. O bildirib ki, gənc komanda formalaşdırıblar: “Düşünürəm ki, Liqada ən gənc komanda bizimkidir. Bizim üçün çətin olacaq. Bu il çempionat daha da güclənəcək. Ancaq həmişəki kimi özümüzü göstərmək üçün hər şeyi edəcəyik. İndi ağır məşqlər edirik. Bazar günü Qalen Smit bizə qoşulur. O, bizim iş prinsiplərimizi bilir. Onun üçün daha asan olacaq. Tezliklə Əkbər Məmmədov da bizə qoşulacaq. Hazırda gənc oyunçularla işləyirik. Hamı çalışır və onlardan razıyam. Gələn həftədən etibarən tam heyətlə məşqlərə başlayacağıq”.
Baxşıyevin sözlərinə görə, yeni mövsümdə çempionat daha da güclü keçəcək: “Yeni mövsümdən legioner limiti dəyişir. Çempionat daha da güclənəcək. Hətta son mövsüm autsayder olan klublar da çox artıracaqlar. İndi proqnoz verməkdə çətinlik çəkirəm. Avrokuboklarda çıxış edən "Sabah"dan başqa heç bir komanda haqqında ətraflı məlumatım yoxdur. Təbii ki, "Sabah" fərqlənir. Qalan klublar haqqında hələ bir şey deyə bilmərəm. Çempionatın oyunları hər şeyi göstərəcək. Düşünürəm ki, bu çempionat daha möhtəşəm olacaq".
Qeyd edək ki, ötən mövsüm Xaçmazı təmsil edən NTD bu mövsümdən Bakıda qərarlaşacaq.
İdman.biz