Qadın basketbol millimizin yeni baş məşqçisi məlum olub

29 Sentyabr 2026 10:29
109
Qadın basketbol millimizin yeni baş məşqçisi məlum olub

İoannis Diamantakos basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın milli komandalarının koordinatoru təyin olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası (ABF) məlumat yayıb.

ABF yunanıstanlı mütəxəssislə iki il müddətinə müqavilə imzalayıb.

O, son olaraq Səudiyyə Ərəbistanının “AlUla” klubunun baş məşqçisi kimi fəaliyyət göstərib.

Mütəxəssis Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas milli komandasının, eləcə də U18 oğlan və qız milli komandalarının baş məşqçisi vəzifələrində çalışıb. Mütəxəssis, həmçinin Fələstinin kişilərdən ibarət əsas milli komandasına və Rumıniyanın U20 milli komandasına rəhbərlik edib.

Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Diamantakosun məşqçilik karyerasında U18 qadınlar arasında FIBA Asiya Kubokunun B divizionunda və U18 WABA turnirində qazanılmış gümüş medallar, Fələstin Basketbol Liqası çempionluğu və Yunanıstanda iki liqa çempionluğu yer alır. O, həmçinin komandaları ilə FIBA Europe Cup-da ən güclü səkkizlikdə yer alıb və FIBA U20 Avropa çempionatını beşinci pillədə başa vurub.

Basketbol sahəsindəki fəaliyyətindən əlavə, İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Onun akademik bilikləri məşqçilik və liderlik fəaliyyətinə elmi yanaşma gətirir.

Diamantakosun əsas milli komanda ilə qarşıdakı hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək FIBA-nın qadınlar arasında 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində rəqabətədavamlı çıxış etməkdir. Bu turnir gələcək üçün mühüm təcrübə qazandırmaqla yanaşı, 2027-ci ilin yayında keçiriləcək FIBA-nın qızlar arasında U16, U18 və U20 Avropa çempionatlarına hazırlıq baxımından da faydalı olacaq.

İdman.Biz