İoannis Diamantakos: “Müdafiədə çox zəif çıxış etdik”

14 Noyabr 2026 17:01
70
İoannis Diamantakos: “Müdafiədə çox zəif çıxış etdik”

“Təəssüf ki, müdafiədə çox zəif çıxış etdik və istədiyimiz səviyyədə oynaya bilmədik. Oyunun yekun nəticəsində yaranan fərq məhz bu amillərlə bağlıdır. İlk növbədə, nəzərə almaq lazımdır ki, bu qısa müddət ərzində, üç gün içində keçirdiyimiz ikinci qarşılaşma idi. Yorğunluq da hiss olunurdu”.

İdman.Biz xəbər verir ki, bu sözləri qadın basketbolu üzrə Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru İoannis Diamantakos İrlandiyaya məğlubiyyətdən (73:91) sonra matçı şərh edərkən deyib.

Yunanıstanlı mütəxəssis komandanın yaşadığı yorğunluqdan, təcrübə çatışmazlığından bəhs edib və qarşıdakı hədəflərə diqqət çəkib:

“Komandamızda həm də beynəlxalq səviyyədə təcrübə çatışmazlığı özünü büruzə verdi. Düşünürəm ki, zamanla bu problemləri də aradan qaldıracağıq. Hal-hazırda bütün diqqətimizi İslandiyaya qarşı oyuna verməliyik”.

Xatırladaq ki, Azərbaycan komandası qrupdakı ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisinin növbəti oyunu noyabrın 17-də səfərdə İslandiya yığmasına qarşı olacaq. Hafnarfjörður şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

İdman.Biz